Maduro Bakıda ABŞ-a mesaj verdi:

“İmperialist dövlətlərə müqavimət göstərəcəyik”
25 Oktyabr 2019 - 12:03

“Qoşulmama Hərəkatının üzvləri sırasında xüsusi dəvət edilmiş qonaqlar var. Azərbaycan Prezidenti və xalqına qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirmək istəiyrəm”.

Bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Qoşulmama Hərəkatının hazırkı sədri Venesuelanın Prezidenti Nikolas Maduro deyib. Maduro bildirib ki, Venesuela 2016-cı ildən 2019-cu ilə qədər Qoşulmama Hərəkatına sədrlik edib: “Bu dövrdə bir sıra problemlərin şahidi olduq. Beynəlxalq hüquq bəzən kənarda qalır, iqtisadi blokada tətbiq edilir”. Maduro qeyd edib ki, Venesuela xalqı sülhsevərdir: “Biz dövlətimizi yüz illər əvvəl dahi liderimiz Simon Bolivarın bəyan etdiyi dəyərlər əsasında qurmuşuq. Bu müddədə imperialist hərəkətlərin şahidi olmuşuq. Hətta bu gün təzyiqlərlə üzləşdiyimiz halda da bizim iradəmizi qırmaq mümkün deyil. Bu kimi təzyiqləri kənara qoymalıyıq. Biz bilirik ki, Qoşulmama Hərəkatının yaradılmasında bir məqsəd də silahlı münaqişələrin qarşısının alınması olub. Biz sədrliyimiz dövründə bu məsələlərə xüsusi diqqət yetirmişik”.

Venesuela Prezidenti nəzərə çatdırıb ki, 2016-cı ildə keçirilən Zirvə Görüşündə qarşıya üç konkret məqsəd qoyulub: “Biz istərdik ki, üzv dövlətlər arasında daha böyük həmrəylik olsun. İkincisi, hərəkatın üzv dövlətləri arasında həmrəylik gücləndirilsin. Üçuncüsü, sivilizasiyalar arasında yaxınlaşma daha sıx təmin edilsin. Qoşulmama Hərəkatı bu istiqamətdə addımlar atır. İstərdik ki, Azərbaycan sədrliyi dövründə bu həmrəyliyin daha da inkişaf etdirilməsi üçün çalışsın. Biz bir-birimizlə daha tez-tez görüşməliyik, aramızda həmrəylik və konsensus təşəkkül tapmalıdır. Bunun əsasında qarşıya qoyulan məqsədləri daha asan həyata keçirə bilərik”. Maduro vurğulayıb ki, Venesuelanın sədrliyi dövründə Qoşulmama Hərəkatı çərçivəsində 200-ə qədər görüş keçirilib: “Biz öz əsas şüarlarımızdan birini bəyan etmişik:Dövlətlər arasında sülh və ədalət olmalıdır. Fələstində bacı və qardaşlarımızın tarixinə biganə qalmalı deyilik. Koreya, Kubaya münasibətdə də bu addımlar atılmalıdır. Eva Moorales kimi prezidentlər bizə dəstək verib. Evo Moroles yenildən prezident seçilib. Boliviyada sülhün pozulmasına, parçalanmaya cəhdlər olub. Biz həm də bura ona görə toplaşmışıq ki, hədələr, aqressiyalar əhalimizə, xüsusən həssas təbəqələrə, gənclərə, qadınlara zərbə vurur. İmperialist dövlətlər xalqımıza qarşı təzyiqlər göstərir. Arzuları odur ki, sanksiyalar hesabına arzu etmədikləri rejimlər aradan qaldırılsın. Bu gün Qoşulmama Hərəkatına üzv dövlətlərə qarşı maliyyə və iqtisadi təcavüz törədilir. Ona görə də Qoşulmama Hərəkatına üzv dövlətlər bizim dövlətlərə qarşı edilən təzyiq cəhdlərinin qarşısını almağa çalışmalıdır. İmperialist dövlətlər həmişə bizim dövlətlərə qarşı hücum etməyə çalışacaq. Biz isə müqavimət göstərəcəyik. Biz çoxtərəfli müharibənin içərisindəyik. Bundan sonra da rifahımızı qorumağa çalışacağıq. Bütün problemlərin həlli beynəlxalq hüquqa əsaslanmalıdır. Qoşulmama Hərəkatına üzv dövlətlərə bizə verdikləri dəstəyə görə təşəkkür edirik”. (APA)