Masallı rayonunun Boradigah qəsəbəsinin bir qrup sakini qəsəbədə istismar müddəti bitmiş və bərbad vəziyyətdə olan işıq dirəkləri və transformatorlarla bağlı prezident İlham Əliyevə və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova müraciət edib.
Azpost.info-ya daxil olan müraciətdə deyilir ki, son illər ölkənin enerji sektorunda həyata keçirilən böyük layihələrin şahidləridirlər.
“Amma təəssüfki ölkənin ən böyük şəhər tipli qəsəbələrindən biri olan, 10 min sakin yaşadığı Boradigah qəsəbəsində tamam fərqli və dəhşətli bir mənzərə mövcuddur. Qəsəbədə mövcud olan işıq dirəklərinin və transformatorların əksəriyyəti istismar müddətini bitirmiş və bərbad vəziyyətdədir. Transformatoların istisnasız olaraq heç biri mühafizə zolağına alınmayıb. Bu isə əsl təhlükə mənbəyidir. Onların yağla təminatı bərbad vəziyyətdədir”.
Müraciətdə deyilir ki, nisbətən normal durumda olan transformatorların yüklənməsi çox olduğundan əksər məhəllələrə verilən gərginlik normalda 220 -230 V olmalı halda 190-195-dən çox olmur. Məişət texnikalarının az gərginlik verilməsi və qısa qapanma səbəbindən sıradan çıxması adi haldır. Əksər evlərdə kondisionerlər və məişət texnikaları əlavə stabilizatorlar hesabına çalışır.
“Problem yaradan ən böyük səbəblərdən biri də Tüklə kəndindəki yarım stansiyadan Boradigaha gələn bir neçə kilometrlik məsafədəki əsas elektrik naqillərinin və dirəklərin bərbad olmasıdır. Bu səbəbdən güclü olmayan bir külək xətlərdə qırılmalara, saatlarla işıq kəsilməsinə səbəb olur. Texniki qüsurlar səbəbindən əksər hallarda kiçik bir ərazidəki təmir səbəbindən bütün qəsəbədə işıq keçirilir”- deyə sakinlər müraciətlərində yazıblar.
Qeyd olunur ki, böyük bir qəsəbəyə operativ nəzarət olduqca zəifdir. Əksər hallarda kiçik bir problemdən ötrü əhali saatlarla ora- bura zəng etmək məcburiyyətində qalırlar.
Son illər qəsəbənin enerji təminatı sahəsində görülən tək əsaslı iş sayğacların kütləvi dəyişdirilməsi olub.
Sakinlər problemin həlli üçün lazımi addımların atılmasını xahiş ediblər. Müraciəti 20 Boradigah sakini imzalayıb.
Azpost.info
