“ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi barədə sərəncamı terrorizmin, saxta profillərin açılmasının, yalan məlumatların yayılmasının qarşısının alınması, ictimai-siyasi sabitliyin, insanların şərəf və ləyaqətinin qorunmasını nəzərdə tutur. ABŞ Prezidentinin bu sərəncamı dünyada mövcud reallıqlar baxımından diqqət çəkən bir addımdır və dünyanın müxtəlif ölkələrində sərəncama reaksiyalar da bunu təsdiqləyir”.
Bunu APA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.
C. Osmanov deyib ki, gələcəkdə belə addımların dünyanın digər ölkələrində də atılacağı gözlənilir: “Azərbaycana nəzər salsaq, son zamanlar xüsusən radikal düşərgədə olan Milli Şura, Əli Kərimli və Cəmil Həsənli, o cümlədən onların ətrafında olan insanların müxtəlif radikal dini cərəyanlarla birləşərək, vaxtaşırı ayrı-ayrı ictimai-siyasi xadimlərin, ümumilikdə vətəndaşların şərəf və ləyaqətini alçaltmağa çalışması, onları təhqiq etməsi daha geniş vüsət alıb. Eyni zamanda bu qüvvələr müxtəlif vaxtlarda xaricdəki müəyyən qüvvələri diktəsi ilə ölkədə ictimai-siyasi sabitliyi pozmaq üçün sosial şəbəkələrdə çağırışlar da ediblər. Bu, yolverilməzdir. Ona görə də ölkəmizdə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir qanunun qəbul edilməsinə çoxdan ciddi ehtiyac var. İnanırıq ki, yaxın günlərdə Azərbaycanda belə bir qanun qəbul ediləcək. Nəticədə vətəndaşların şərəf və ləyaqətinə zərbə vurmağa çalışan Milli Şura, Əli Kərimli və Cəmil Həsənli, o cümlədən onların ətrafında olan insanlar belə əməllərdən əl çəkəcəklər”.
Millət vəkili qeyd edib ki, tək ölkə daxilində deyil, müxtəlif Qərb ölkələrində yaşayan antimilli ünsürlər sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarına təhqirlər yağdırırlar: “O insanların bir neçəsi qanunsuz əməllərinə görə saxlanılaraq ölkəmizə ekstradisiya olunublar. Amma onların müəyyən hissəsi hələ də fəaliyyətlərini davam etdirir. Həmin şəxslər də ölkəmiz daxilindəki radikal ünsürlərdən tapşırıq alırlar. Onlar xalqımıza, dövlətimizə, müstəqilliyimizə qarşı təhqir yağdırır, şər-böhtan kampaniyası aparırlar. Dünyada və ölkəmizdə bununla bağlı qanunlar qəbul edildikdən sonra belə neqativ halların qarşısı alınacaq. Milli Şuranın radikal dini cərəyanlarla birləşərək ölkəmizdə ictimai-siyasi sabitliyi pozmasına yönəlik cəhdlərinin qarşısının alınması üçün belə bir qanunun qəbul edilməsi vacibdir. İnanırım ki, dünya dövlətləri tərəfindən qısa zamanda belə qanunlar qəbul ediləcək. Bu baxımdan Donald Trampın sərəncamı çox vaxtında atılmış bir addımdır. Bu, heç də söz azadlığının qarşısını almaq üçün atılmış addım deyil. Əksinə, insanlar həqiqi profilindən söz azadlığı hüququnu reallaşdıracaq, mövqelərini bildirəcək. Amma bu, ictimai-siyasi sabitliyi pozmağa çalışan, terrorizmlə əlaqəli antimilli ünsürlərə qarşı vaxtında atılmış bir addım olacaq”.