“Spiker deməmişdi ki, telefona çox aludə olursunuz. Sadəcə, yuxarıda oturan gənc deputatlara söz veriləndə irad tutdu ki, başınızı telefondan qaldırın. Yuxarıda da cavanlar oturur, söz veriləndə görünür, telefona baxırmışlar”.
Bu sözləri “Yeni Müsavat”a deputat Aqil Abbas spiker Sahibə Qafarovanın “Telefondan başınızı qaldırın” iradına münasibət bildirərkən söylədi.
Onun sözlərinə görə, deputatlara Milli Məclisin iclasına telefonla daxil olmaq qadağası qoyulmayıb: “Deputata android və yaxud başqa proqramla girməyin demək düzgün deyil. Çünki bizə mesajlar gəlir, məlumatlar daxil olur, vaxtında görməyimiz lazımdır. Sadəcə, o vaxt tövsiyə etmişdilər ki, telefonla içəri daxil olmayın. Yəni, qadağa deyildi”.
Deputat Arzu Nağıyev bildirdi ki, parlament üzvü olduğu vaxtdan telefon qadağası ilə qarşılaşmayıb. Onun sözlərinə görə, telefonla içəri daxil olur və iclas getdiyi müddətdə söndürür.