Milli Məclisin sədri və müstəqil millət vəkillərinin iştirakı ilə onlayn iclas keçirilib

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın və müstəqil millət vəkillərinin iştirakı ilə onlayn iclas keçirilib.

APA-nın məlumatına görə, bu barədə vitse-spiker Adil Əliyev “Facebook” hesabında status paylaşıb.

O bildirib ki, Milli Məclisdə say etibarilə müstəqil millət vəkilləri hakim Yeni Azərbaycan Partiyasından sonra ikinci böyük qrupdur.

A.Əliyev qeyd edib ki, iclas olduqca məhsuldar keçib: “Müstəqil namizədlər gündəmin mövzuları ətrafında çıxışlar ediblər, təkliflərini veriblər. Ümumiyyətlə, bu iclas parlamentin tarixində bir ilkdir. Prezident İlham Əliyev Milli Məclisdəki son çıxışında müstəqil və müxalif millət vəkillərinin də parlamentin idarə edilməsində rol oynamasının vacibliyini vurğulamışdı. Bizim bugünkü onlayn iclasımız dövlət başçısının elan etdiyi siyasi kursa uyğundur.

Millət vəkili nəzərə çatdırıb ki, onlayn iclasda əsas müzakirə mövzusu ölkədə koronavirusla aparılan mübarizə tədbirləri olub: “Bəşəriyyət və ölkəmiz koronavirusla mübarizəni davam etdirir. Biz indiki mərhələdə təhlükədən sovuşduq. Virusa yoluxanların sayı azalır, sağalanların sayı isə getdikcə artır. Bu, uğurlu gedişatdır, müsbət tendensiyadan xəbər verir. Prezidentimizin və dövlətimizin son iki ayda apardığı siyasət, atılan qətiyyətli addımlar Azərbaycanı başqa ölkələrin üzləşdiyi çətinliklərdən sığortaladı. Hamıya aydındır ki, ciddi tədbirlər görülməsəydi, vəziyyət nəzarətdən çıxa bilərdi. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan bu sınaqdan üzüağ çıxmaqdadır. Bu vəziyyət bizə imkan verir ki, yaxın günlərdə karantindən mərhələli şəkildə çıxmağa başlayaq. Müstəqil millət vəkilləri kimi, biz də karantindən tədricən çıxmağın tərəfdarıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu il 1 120 əcnəbi Azərbaycandan çıxarılıb

Sonrakı məqalə

Bu tarixlərdə “İmmunlaşdırma həftəsi” olacaq