Milli yaddaş kodumuz olan sənətkar

Görkəmli sənətkarımız Rasim Balayev fani dünyaya əlvida dedi.
Azərbaycan incəsənətində “Rasim Balayev” adı özü bir mədəni brenddir, mükafatdır.
Rasim Balayevin Azərbaycan kinosunda yaratdığı obrazlar milli yaddaş kodumuzdur.
Xalqın ürfanını ona göstərən Nəsimi, qəhrəmanlıq keçmişini yaddaşa yazan Babək, mifologiyasını qan yaddaşına yazan Beyrək…Hər biri bir sənət əsəri və kökümüzə ayna tutan, pafosdan uzaq qəhrəmanlardır.
Rasim bəy əsl sənətkar kimi rolu böyük kiçikliyinə görə bölməyib. O, istər Babək kimi möhtəşəm xalq qəhrəmanını oynayıb, eyni zamanda nazirin tüpürcəkqabını gəzdirən binəva məmuru, mələk simalı fırıldqaçı Davudu yaradıb.
İllər əvvəl Rasim Balayevdən müsahibə alan zaman “Həm ziyarət, həm ticarət” filmi barədə danışmışdıq. Aktyor maraqlı bir detalı danışmışdı mənə.
Rasim Balayev filmin rejissoru, mərhum Rasim Ocaqovdan soruşub ki, nə üçün onu fırıldqaçı və dələduz Davud roluna çəkir? “Dedim ki, axı mənim sifətimdə moşenniklik cizgiləri yoxdur, saf və məsum üzdür”.
Rejissorun cavabı maraqlı olub: “Rasim, insanları çox vaxt mələk simalı adamlar aldadırlar…”
“Nəsimi” onun kinoda vizit kartıdır.
Azərbaycan xalqı Nəsimini Rasim Balayevlə sevdi, anladı.
Ona qədər ədəbiyyatda, rəssamlıqda Nəsimi obrazı olmayıb. Bu gün Nəsimiyə aid bütün portretlərdən bizə Rasim Balayev baxır.
Rasim Balayev təkcə aktyor deyil, həmçinin ictimai xadim idi.
Rasim müəllim dostluğa sədaqətli oldu. İllər əvvəl verdiyi müsahibədə “məndən də istedadlılar olub kinoda…Səməndər bəs kimdir? Kinoda dahidir” demişdi. Həyatda Rasim və Səməndər yaxın dost olublar. Dostu özündən yüksək görmək ancaq ləyaqətli və nəcib insanlara xas keyfiyyətdir.
Sənətkarla müsahibə götürəndə ona dedim ki, siz sovet zamanında müstəqil Azərbaycan dövlətinin xüsusi xidmət zabitinin obrazını yaratmış ilk aktyorsunuz.
Təəccüblənmişdi. “Necə yəni?” mənə sual verdi. Dedim “Qatır Məmməd” filmində Əziz obrazı milli hökumətimizin cəsur kəşfiyyat zabitidir.
“Bu barədə ilk dəfədir mənə deyirlər”-deyə Rasmi müəllim fikrə gedərək cavab verdi.
Jurnalistlərə böyük hörməti var idi. Mənə deyirdi ki, jurnalistlər bələdçi-gid kimidirlər. Hara aparırlarsa ora gedirik.
Rasim Balayevin kinoda yaratdığı obrazlar aktualdır, bizim keçmişimzə ayna tutur, mübarizəyə ruhlandırır.
Nə yaxşı ki, Rasim Balayevlə bir dövranda yaşadıq.
Milli yaddaşına sadiq xalq müqtədir sənətkarımızı həmişə xatırlayacaq.
Xaqani SƏFƏROĞLU

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.