Milyarderin kürəkəni Rişi, adı sevgi macərasına qarışan Tras…- Britaniyada Consonun yerini kim tutacaq?

Britaniya parlamenti yay tətilinə yola düşür və baş nazir postu uğrunda mübarizə başa çatmaq üzrədir.

Azpost.info xəbər verir ki, Boris Consonun istefasından sonra Britaniya hökumətinə kimin rəhbərlik edəcəyinə Mühafizəkarlar Partiyasının üzvləri qərar verəcək.

Baş nazir postu üçün iki namizəd mübarizə aparır – 47 yaşlı xarici işlər naziri Liz Tras və 42 yaşlı keçmiş maliyyə naziri Rişi Sunak. Onlardan hansının qalib gələcəyi sentyabrın 5-də bəlli olacaq.

Rişi Sunak kimdir?

Rişi Sunak 1980-ci il mayın 12-də Britaniyada Hindistandan gələn mühacirlərin ailəsində anadan olub. Atası həkim, anası əczaçıdır.

O, 2001-ci ildə Oksford Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə oxuyub, 2006-cı ildə isə ABŞ-ın Stenford Universitetində MBA dərəcəsi alıb.

2001-2004-cü illərdə Sunak “Goldman Sachs” investisiya bankında analitik olub. Daha sonra o, “The Children’s Investment Fund Management”də çalışıb. 2009-cu ildə “Theleme Partners” fonduna qoşulub və hindli milyarder Narayan Murtiyə məxsus “Catamaran Ventures” investisiya şirkətinin direktoru olub.

2015-ci ilin may ayından Sunak Britaniya Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvüdür. 13 fevral 2020-ci ildə o, maliyyə naziri vəzifəsinə təyin edilib.

Əslində, Sunakın maliyyə naziri vəzifəsindən istefa verməsi son nəticədə Boris Consonun kabinetinin istefasına və Consonun özünün vəzifəsini getməsinə səbəb oldu. Bundan başqa, Consonun sentimental gedişi və Britaniya parlamentinin İcmalar Palatasındakı vida nitqi göstərdi ki, mühafizəkarlar çoxsaylı qalmaqallara baxmayaraq, hələ də eks-baş nazirin nikbinliyini və alovlu çıxışlarını yüksək qiymətləndirirlər.

Zəngin hindli ailəsindən çıxan Rişi Sunak uzun müddətdir ki, baş nazir kreslosunu tutmağı arzulayırdı. 42 yaşlı Sunak varidatını maliyyə bazarında qazanıb və hindistanlı milyarder Narayan Murtinin qızı modelyer Akşata Murti ilə evlənib. Onların iki övladı var.

Sunak Britaniyanın ən varlı siyasətçilərindən biri hesab olunur. “The Sunday Times”ın məlumatına görə, 2022-ci ildə o, həyat yoldaşı ilə birlikdə 730 milyon funt-sterlinq sərvətlə ölkənin ən varlı adamları siyahısında 222-ci yeri tutub. Mühafizəkarlar, zənginlərin tərəfdarı olmaq kimi reputasiyaya malik olsalar da, siyasətçilərindən təvazökar və xalqa yaxın olmasını gözləyirlər.

Rişi Sunak maliyyə rifahını nümayiş etdirməyi sevir. Məsələn, o bir dəfə inşaat meydançasına qiyməti 500 avrodan baha olan ayaqqabı ilə gəlmişdi. Buna görə də milyonçu Oksford məzununun xalqa yaxınlığını göstərmək və inflyasiyanın və xüsusən də enerji qiymətlərinin artmasının sadə britaniyalılara nə qədər təsir etdiyini başa düşmək cəhdləri çox vaxt uğursuzluqla nəticələnir.

Daha bir maraqlı məqam odur ki, həyat yoldaşının bir çox digər zəngin insanlar kimi qanunvericilik boşluqlarından istifadə edərək vergiləri tam ödəmədiyinə dair məlumatlar var. Həyat yoldaşı iddia edir ki, Hindistan vətəndaşı olaraq qalır, buna görə də Britaniyada vergi ödəməli deyil.

Amma Sunakı dəstəkləyənlər onun düzgün maliyyə siyasətini tərifləyirlər. O, dövlət borcunun artmasına imkan vermək istəmir və 11 faizlik inflyasiya fonunda vergilərin azaldılmasını vəd etmir. Sunak siyasətdə ciddilik gözləyən mühafizəkarların namizədidir.

 

Liz Tras kimdir?

Liz Tras 26 iyul 1975-ci ildə Britaniyada anadan olub, lakin gələcək siyasətçinin həyatının ilk illəri  Şotlandiyada keçib.

Valideynləri professor Con Kennet və tibb bacısı Priscilla Trasdr. Onlar zamanında Marqaret Tetçerə qarşı nümayişlərə qatılıblar və qızlarının siyasi əqidəsinə təsir ediblr.

Tras Merton Kollecini bitirib, burada siyasət və iqtisadiyyat üzrə təhsil alıb. Tələbə ikən Liz Oksford Universitetində Liberal Demokrat Partiyasının lideri olub, lakin artıq 1996-cı ildə Mühafizəkarlar Partiyasının sıralarına qoşulub. Bu qərar ailədə mübahisələrə səbəb olub. Sonradan parlament seçkiləri zamanı ata tori ideyalarına sadiq qalan qızının seçki kampaniyasında iştirakdan imtina edib.

Gənc məzun Liz “Shell” neft-qaz şirkətində işə düzəlib və iqtisadi direktor vəzifəsində çalışıb. 2008-ci ildə İslahat Tədqiqat Trestinin rəis müavini postunu tutub.

2010-cu ildə Norfolk seçki dairəsində deputat mandatı qazanıb. 2021-ci ilin sentyabrında Tras Britaniyanın xarici işlər naziri təyin edilib və “Brexit” üzrə Avropa İttifaqı ilə danışıqlarda iştirak edib.

Gənclik illərində tanış olduğu Xyu Oliri ilə evli olan Trasın iki qızı var – Liberti və Fransis.

2005-ci ildə Trasın adı ətrafında böyük qalmaqala yaşanıb. Onun partiya üzvü Mark Fildlə eşq macərası yaşaması mətbuta çıxıb. Sevgi macərası 18 ay davam edib və Fild üçün boşanma ilə başa çatıb. Ziddiyyətli də olsa, Liz və Hyunun  evliliyi daha da güclənib və xəyanət Trasın siyasi karyerasına təsir etməyib.

Liz Tras rəqibindən fərqli olaraq sona qədər Boris Consonun tərəfində qaldı. Onun Consona xəyanət etməməsi Trası dəstəkləyən partiya üzvləri tərəfindən yüksək qiymətləndirilir. Mühafizəkarlar Partiyasının üzvləri arasında keçirilən sorğunun nəticələrinə görə, 46 yaşlı Tras partiya lideri uğrunda mübarizədə Sunakı xeyli qabaqlayır.

Tras vergiləri azaltmağa söz verir. Və bu, Tetçerin dövrünə qayıtmaq arzusunda olan bir çox torilərin gözləntilərinə tam uyğundur. Liz Tras o dövrlərə həsrət qalanların hamısının namizədidir. Amma eyni zamanda, o, özü də həmişə mühafizəkarların sıralarında olmayıb, gəncliyində liberalları dəstəkləyib.

Böyük Britaniyanın Avropa İttifaqından çıxması məsələsi həll olunanda Tras buna qarşı çıxmışdı. İndi isə o, “Brexit”in qızğın tərəfdarlarındandır və əvvəlki fikirlərini səhv adlandırır. Çünki yalnız bu cür fikirlərə malik siyasətçilərin partiyaya rəhbərlik etmək şansı var.

Onun tənqidçiləri Trasın səriştəsini şübhə altına alır və onun 2014-cü ildə partiya konfransındakı çıxışına işarə edirlər. Belə ki, Tras Çinə səfəri zamanı donuz əti bazarları açacağını vəd etmiş, eyni zamanda ingilisləri çox idxal pendir yeməkdə ittiham etmişdi.

“Mən özümü üsyankar hesab edirəm, çünki nəyisə dəyişmək istəyirəm”, – Tras deyir. Onun fikrincə, hazırda ölkə koronavirus pandemiyası və Ukraynadakı hərbi əməliyyatlar səbəbindən qlobal iqtisadi şokla üz-üzədir.

“Bu, Britaniya üçün dönüş nöqtəsidir. Ya həmişəki kimi mövcud olmağa davam edəcək, ya da cəsarətli olub dəyişməyə başlayacaq. Mən fərqli və cəsarətli olmaq istəyirəm ki, biz sürətli inkişafa və yüksək məhsuldarlığa malik güclü ölkəyə çevrilə bilək”, – Tras bildirib.

O, İngiltərə Bankının səlahiyyətlərini (sonuncu dəfə bunu 1997-ci ildə keçmiş baş nazir və maliyyə naziri Qordon Braun edib) bütün dünya üzrə mərkəzi bankların təcrübəsini nəzərə alaraq yenidən nəzərdən keçirəcəyini vəd edib.

Azpost.info

Əvvəlki məqalə

Toyun mübarək, Şuşa fatehi!…

Sonrakı məqalə

Rusiya Odessanın dəniz limanına raket atdı