Mühacirətdən qayıdan musavatçı Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Almaniyada mühacirətdə olan, Azərbaycan tərəfindən axtarışa verilmiş Müsavat fəalı Mehdi Xəlilbəyli Bakıda həbs olunub.

Mehdi Xəlilbəyli bir qədər əvvəl Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.

Mehdi Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə – 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.

Bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.

Mehdi Xəlilbəylinin vəkili Hafiz Ələsgərov APA-ya bildirib ki, müdafiə etdiyi şəxs istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib.

Mehdi Xəlilbəyli Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü deyib.

Qeyd edək ki, Mehdi Xəlilbəyli Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü kimi Almaniyada mühacir alverində də ittiham olunub. 2019-cu ilin noyabr ayında Almaniya polisi siyasi mühacir alverində və saxta sənəd hazırlamaqda şübhəli bilinən azərbaycanlıları saxlayıb.

Saxlanılanlar arasında Almaniyada yaşayan Mehdi Xəlilbəyli də olub. Bununla bağlı məhkəmə prosesi keçirilib. Mehdi Xəlilbəyli 2020-ci ilin yanvar ayında azadlığa buraxılıb. (APA)

Əvvəlki məqalə

Prezident Administrasiyasının siyasi partiyalarla keçirilmiş görüşü ilə bağlı AÇIQLAMA

Sonrakı məqalə

Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi tikəcək