Müsəlman dünyasna səs salan qanvermə aksiyası –

Şeyxülislamın xurafatı rədd edən demarşı  
29 Avqust 2020 - 14:10

Hər il Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə məhərrəm ayının 10-cu günü- Aşura günü qanvermə aksiyası keçirilir.

20 ilə yaxındır həyata keçirilən bu aksiyada minlərlə vətəndaş, dövlət rəsmiləri, ictimai xadimlər könüllü olaraq qanvermə məntəqələrinə gələrək ehtiyacı olanlara qan verirlər.

Dünyada ədalətsiz müharibələrə, terrora, günahsız insan qanı axıdanlara etiraz olan bu çağırış böyük humanist aksiyaya çevrilib. İmam Hüseynin qətlinə xatir könüllülər tərəfindən ehsan kimi verilən  qan ehtiyatı neçə-neçə xəstələrə yeni həyat bəxş edir.

Bu aksiyaya qədər isə Aşura günü xurafat elementi sayılacaq başyarma, qançıxarma mərasimi ilə müşayət olunurdu. İslam dünyasında yüz illər davam edən bu ənənənin qarşısını almaq heç bir din rəhbərinə müyəssər olmamışdı. İmam Hüseyn qətliamının xatirəsinə heç bir aidiyyatı olmayan bu əməl bir sıra hallarda qərəzli və avanturist dairələrin dinə hucumlarına da rəvac verirdi.

QMİ ilk gündən bu adətin bəyənilmədiyini elan edərək mərasimlərdə baş yarmağa yol verməməyə çağırırdı. Bütün bunların son nəticəsi islam dünyası üçün mühüm əhəmiyyət daşıyan bir addımın atılması ilə nəticələndi.

Şeyxülislam Allahşükür Paşazadə nəcib təşəbbüs irəli sürərək bu “adəti” xəstələrə, ehtiyacı olanlara qanvermə aksiyasına çevirdi və bu humanist jesti bütün müsəlman aləmi üçün bir nümunə olaraq ortaya qoydu. Böyük sosial rezonans doğuran qanvermə kampaniyası vətəndaşların ciddi dəstəyi ilə müşayət olundu. Nəticədə yığılan min litrlərlə qan ehtiyacı olan xəstələrin həyata qaytaran məlhəmə çevrildi.

Bu aksiya həm bəşəri, həm də tibbi baxımdan böyük əhəmiyyətə malikdir. Elmin və texnikanın inkişafına baxmayaraq, hələ də süni qan yaratmaq mümkün olmayıb. İstifadə olunan qanın yeganə mənbəyi insandır. Ağır travmalar, doğuşlar və digər ciddi qanitirmələr vaxtı təcili qanköçürməyə ehtiyac yaranır.

Odur ki, bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artıb. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə köməklik göstərir. Mütəxəssislərin fikrincə, ən təhlükəsiz qan könüllü, təmənnasız donorların qanıdır.

18-60 yaş arası, sağlam, çəkisi 50 kiloqramdan çox olan hər bir şəxs qan verə bilər. Kişilər il ərzində 4, qadınlar isə 3 dəfə 400 milliqramdan çox olmamaqla qan verə bilərlər.  400 ml qan vermək orqanizmə heç bir ziyan vermir, əksinə, qanvermənin insan orqanizminə xeyirli tərəfləri daha çoxdur.

Könüllü qanvermə təmənnalı donorluğu üstələyərək vətəndaşlarda şəfqət və mərhəmət hissini artması üçün bir vəsilə oldu.

Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu savab iş, ənənə vüsət alıb.

Bu il azərbaycanlı dindarlar Məhərrəm ayını koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü zamanda qarşılayır. Dünyanı sarmış bu pandemiya insan sağlamlığı üçün böyük təhlükə yaradıb. Belə vəziyyət isə dünya müsəlmanları üçün ehtiyac tədbirlərinin vacibliyini önə çəkib.

Avqustun 30-u Aşura günüdür. Pandemiya ilə əlaqədar Azərbaycanda məscidlər işləməyəcək. Amma bu vacib aksiya dayandırılmayacaq. QMİ-nin təşkilatçılığı ilə qanvermə aksiyası Qan Mərkəzində aparılacaq. Vətəndaşlar bu il Mərkəzi Qan Bankında qaydalara riayət edərək qanvermə aksiyasında iştirak edə bilərlər. Milli Hematologiya və Transfizuologiya Mərkəzinin bir neçə şöbəsi də qanvermə aksiyası üçün ayrılacaq.

Mərhəmət göstərib ehtiyacı olanlara verilən qan insanların həyata qayıtmasına xidmət edir. Ehtiyacı olan insanlara qan vermək dinin istəyidir.

Yaşatmaq üçün qan vermək isə ən böyük savabdır.

Emin ABBASOV