Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonra nəhayət iki ölkə arasında sülhün əldə olunacağına ümidlər artıb. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da hesab edir ki, Avropa Birliyinin təşəbbüsü ilə baş tutan bu görüş proseslərin Rusiyanın nəzarətindən çıxmasını şərləndirə və tərəflər arasında birbaşa təmaslar başlaya bilər ki, bu da dayanıqlı sülhün əldə olunması üçün vacib amildir.
Mövzu ilə bağlı Azpost.info-ya danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, artıq proses Azərbaycan və Ermənistanın maraqlarına uyğun müstəviyə keçib. “Bilirsiniz ki, Rusiya münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına çalışır. Kreml hər zaman bu siyasi xətti tutub. Çünki münaqişənin həlli Rusiyanın maraqlarına uyğun deyil. Moskva Qarabağ problemi ilə hər iki ölkəni təzyiq altında saxlamaq üçün istifadə edirdi. Amma artıq proseslər Rusiyanın nəzarətindən çıxır ki, bu da müsbət haldır”, – deyə ADP sədri bildirib.
Partiya sədrinin fikrincə, tərəflərin birbaşa təmasları sülh prosesini daha da sürətləndirə bilər. “Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar ATƏT-in Minsk Qrupu faktiki olaraq əhəmiyyətini itirib. Daha doğrusu, ləğv edilib. Bu da o deməkdir ki, Rusiya Qarabağ masasından kənarda qalıb və indiki situasiyada, yəni Moskvanın təcavüzkar Ukraynaya qarşı təcavüzkar siyasət yürütdüyü bir dövrdə onun da masa olması arzuolunmazadır. Bu isə Azərbaycan və Ermənistan üçün birbaşa təmasları şərtləndirə, nəticədə hər iki ölkə sülhə nail ola bilər”, – deyə Sərdar Cəlaloğlu vurğulayıb.
Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli də birbaşa təmasların vacib olduğunu deyib. “Dünən iki ölkənin xaric işlər nazirlərinin telefon danışığı müsbət haldır. Brüssel görüşünün də nəticələrini nəzərə alsaq çox güman ki, aprel ayının sonuna qədər ikitərəfli komissiyaların yaradılması prosesi həllini tapmalıdır. Bu da sülh danışıqlarını sürətləndirəcək. Azərbaycan və Ermənistan indiki mürəkkəb geosiyasi bir dünyada tezliklə sülh müqaviləsini imzalasalar bu, Cənubi Qafqaza kənar müdaxilələrin qarşısını müəyyən dərəcədə alacaq. Ölkələr arasında kommunikasiyaların açılması, ticarətin güclənməsi və Cənubi Qafqazın bir sabitlik bölgəsinə çevrilməsi mümkün ola bilər. Cənubi Qafqazdakı sabitliyin açarı Azərbaycan və Ermənistan danışıqlarının yekunundan asılıdır. Ümid edirik ki, bu təmaslar aratacaq və nəticədə sülh müqaviləsi imzalanacaq”.
Azpost.info