Müxalifət və iqtidaryönlü partiyaların Şuşaya səfəri başlayıb

YENİLƏNİB
07 Oktyabr 2021 - 10:29

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri Şuşa şəhərinə səfər edib.

Səfəri Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunverici hakimiyyətlə iş şöbəsi təşkil edib. İçərisində müxalifət partiyalarının rəhbərləri də olan heyətə Siyasi Partiyalar və Qanunverici hakimiyyətlə iş şöbəsinin müdiri Ədalət Vəliyev rəhbərlik edir.

Yalnız 3 partiya -Müsavat partiyası, AXCP və Əli Əliyevin rəhbərlik etdiyi VİP səfərdən imtina edib.  Səfərə müxalifətin tanınan simalarından sabiq Baş nazir, AXP sədri Pənah Hüseyn, AĞ Partiya başqanı Tural Abbaslı, KXCP sədri Mirmahmud Mirəlioğlu, REAL Partiyasının sədri İlqar Məmmədov, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və başqaları gediblər. Səfər proqramına politoloqlardan Qabil Hüseynli və siyasi ekspert, Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov da dəvətlidirlər.

**

Siyasi partiya təmsilçilərinin Şuşaya səfəri başlayıb.

Bu barədə Ümid Partiyasının sədr müavini Tamilla Qulami məlumat verib. O qeyd edib ki, partiya təmsilçiləri artıq yola düşüblər:

“Səfərə 50-dən çox siyasi partiya nümayəndəsi qatılıb. Ümumilikdə, səfərdə 80-90 nəfərə  yaxın adam iştirak edir. Siyasi partiya rəhbərləri ilə birlikdə politoloqlar, media nümayəndələri də bizimlədir.

Bildiyiniz kimi, Şuşa səfəri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə planlaşdırılmışdı. Hələlik səfər planına görə, Şuşadakı tarixi və dini yerləri ziyarət edəcəyik. Daha ətraflı məlumatları şəhərə çatdıqdan sonra dəqiq paylaşa bilərik”.

Xatırladaq ki, bu, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin təşəbbüsü ilə azad edilmiş ərazilərə edilən növbəti səfərdir. Daha öncə siyasi partiya nümayəndələri Ağdam şəhərini ziyarət etmişdilər.