Nağdsız valyuta bazarında 13.4 milyard dollarlıq əməliyyat aparılıb

Cari ilin yanvar-iyun aylarında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyib.

Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na görə, dövr ərzində həm nağd, həm də nağdsız valyuta bazarında əməliyyatlar davam etdirilib. Altı ayda nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 13.4 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 79.5 faizi ABŞ dollarında, 20.5 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 20 faizi banklararası valyuta bazarında (BVB), 80 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Hesabat dövründə BVB-də əməliyyatların həcmi 2.7 milyard ABŞ dolları (ARDNF-in və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 97.3 faizi ABŞ dollarında aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

Hesabat dövründə banklararası valyuta bazarında mövcud hərrac mexanizmi saxlanılmaqla, Mərkəzi Banka valyuta bazarına çevik reaksiya vermək imkanı verən, banklara real vaxt rejimində xarici valyutaya tələb və təklifi izləməyə və ən optimal məzənnə ilə əqd bağlamağa imkan verən Blumberqin “BMatch” platforması aktivləşdirilib. BDVB-də valyuta əməliyyatlarının həcmi 10.7 milyard ABŞ dolları ekvivalentində olub. Əməliyyatların 75 faizini ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib.

BDVB-də valyuta əməliyyatlarının 93.2 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 29 faiz azalaraq 1.8 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 84 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Son illər ərzində ilk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışını üstələyib.

Əvvəlki məqalə

Azərbaycan Qarabağ ermənilərinə Füzuli – Şuşa yolunu da təklif edib –

Sonrakı məqalə

Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun üzvü saxlanılıb