Natiq Cəfərli:“Ölkənin xarici borcunun hesablanmasında ciddi problemlər var” (MÜSAHİBƏ)

Azərbaycanın xarici dövlət borcunu azaltmaq imkanı varmı?İqtisadçı Natiq Cəfərli Azərbaycanın xarici dövlət borcu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

Azpost.info müsahibəni oxucularına təqdim edir:

 

-Natiq bəy, prezident Nazirlər Kabinetinin ötən ilin yekunlarına dair müşavirəsində deyib ki, indi bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir, 17 faiz ətrafında və bu il daha da düşəcək. Hazırda Azərbaycanın xarici dövlət borcu ümumdaxili məhsulun 17,2%-ni təşkil edir. Doğrudanmı bu rəqəm Azərbaycan kimi ölkə üçün aşağı rəqəmdir?

 

-Azərbaycanda xarici borcun hesablanması qaydalarında ciddi problemlər var. Azərbaycan hökuməti ancaq rəsmi götürdüyü borcu və artıq xərclədiyi krediti borc kimi öz balansına daxil edir. Bağlanmış müqavilələr var ki, hansı ki bu il ərzində də həmin müqavilələrə əsasən kreditlər götürüləcək. Ancaq bunlar hesablanmır. Bundan başqa ən vacib məsələlərdən biri, dövlət şirkətlərinin dövlət zəmanəti ilə götürdüyü kreditləri Azərbaycan hökuməti öz balansına daxil etmir. Ona görə də onların hesablamasında belə kiçik 17 faizlik bir rəqəm alınır. Amma SOCAR-ın, Azərenerjinin, Xəzər Dəniz Gəmiçiliyinin, Azərsuyun, AZAL-ın və bir çox başqa dövlət şirkətlərinin xarici borcu var var ki, dövlət zəmanəti ilə götürülüb. Əslində bunlar da dövlət zəmanəti ilə götürüldüyü üçün dövlət borcu kimi qeydiyyata düşməlidir. Əgər bütün bu borclar hesablansa, indi Azərbaycanın xarici borcu ümumdaxili məhsulun təqribən 40 faizinə bərabərdir. Bu o qədər də təhlükəli rəqəm deyil. Amma hər halda hökumətin də elan etdiyi 17 faiz deyil. Həmin rəqəmdən iki dəfədən artıq bir rəqəmdir.

-Prezident həmçinin deyib ki, bizim maliyyə imkanımız var ki, tez bir zamanda xarici borcumuzu daha da endirək. Prezident nəyə əsasən deyir bunu? Bu həqiqətən reallığı əks etdirirmi?

-Azərbaycanın təbii ki, maliyyə resursları kifayət qədərdir. Mərkəzi Bankın və Dövlət Neft Fondunun birgə resursları təqribən 51 milyard dollara yaxındır. Amma bunun belə ölçülməsi düzgün deyil. Yəni xarici birdəfəlik bağlanması və yaxud tamamilə bütün resursları da bura yönəltmək doğru deyil. Ona görə də formal və riyazi olaraq Azərbaycanın imkanları var ki, bir günün içərisində xarici borcunu tamamilə bağlasın. Bu belə olmur. Dünyada, Beynəlxalq münasibətlərdə bu tipli yanaşma olmur. Amma bu doğrudur ki, Azərbaycanın maliyyə imkanları xarici borcun bağlanması üçün kifayət edir.

-Bu il üçün xarici dövlət borcunun təxminən 1 faiz azalması proqnozlaşdırılır. Vəziyyət nə deyir? Bunu həyata keçirmək mümkün olacaqmı?

-Burda söhbət xarici borcun ümümdaxili məhsula nisbətinin bir faiz azalmasından gedir. Yəni bunu Azərbaycan hökuməti hədəf kimi götürüb. Əslində mümkündür. Çünki o qədər də böyük məbləğ etmir. Bunu bu il azaltmaq mümkündür. Amma dediyim kimi, hesablanma qaydası dəyişməyincə, reallığı əks etdirməyəcək. Hesablanma qaydası dəyişməlidir. Dediyim kimi dövlət şirkətlərinin götürdüyü borclar da hesablanmalıdır ki, bundan sonra hansı faiz nisbətinin dəyişməsi haqda fikir yürütmək mümkün olsun. Məsələn, SOCAR-ın özünün elə Azərbaycanın rəsmi səsləndirilən dövlət borcu qədər kredit borcu var. Bu borc dövlət zəmanəti ilə götürülüb. Ona görə də mən düşünürəm ki, hesablama qaydası dəyişəndən sonra ümumdaxili nisbətdə azalmanı və yaxud artmanı doğru hesablamaq mümkün olacaq.

-Ölkənin imkanı var ki, xarici dövlət borcunu bu il daha çox azaltsın?

-Ölkənin maliyyə resursları buna imkan verir. Amma söhbət başqa şeydən gedir. Söhbət ondan gedir ki, bu il TAP layihəsinin bitirilməsi üçün növbəti tranşın olması gözlənilir. Artıq kredit müqaviləsi bağlanılıb, növbəti tranş olacaq. Ən azı 400 milyon avro civarında bu il tranş olmalıdır. Bu da avtomatik olaraq xarici dövlət borcunun artmasına xidmət edəcək. Amma bu il büdcədə nəzərdə tutulub ki, 1,7 milyard manat, yəni bir milyard dollara yaxın vəsait sırf xarici borcu qaytarılmasına sərf olunsun. Dövlət xətti ilə götürülən vəsait, kreditlər bir milyard dollardan az olsa, xarici borcu bu il azaltmaq mümkün olar.

-Xarici dövlət borcu Azərbaycanda vətəndaşların həyatına necə təsir edir?

-Xarici dövlət borcunun Azərbaycan vətəndaşlarına təsiri müxtəlifdir. Birincisi, xarici borcun hər il təqribən dövlət büdcəsinin 10 faizi yaxını son 2-3 ildə yəni, 2018, 2019 və 2020-ci ili götürsək, dövlət büdcəsi təqribən 10-12 faizi xarici borcun qaytarılmasına sərf edir. Əgər bu borc yaranmasaydı,  o zaman həmin vəsaiti Azərbaycan vətəndaşlarının sosial- iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına yönləndirmək olardı.  Bu baxımdan təbii ki, xarici dövlət borcu Azərbaycan vətəndaşlarının həyatına birbaşa təsir göstərir.

-Xarici dövlət borcu nəyə görə yaranıb?  Nəyə görə yığılıb bu qədər borc?

-Xarici dövlət borcunun artmasının əsas səbəbi Şahdəniz-2, Cənub qaz dəhlizi layihəsidir. 2014-cü ildə Azərbaycanın xarici borcu ümumdaxili məhsula nisbətdə cəmi 8 faiz idi. 2014-cü ildən bu günə qədər, daha doğrusu 2015-ci ildən başlayaraq Cənub qaz dəhlizi layihəsi çərçivəsində Azərbaycan sürətlə borclanmağa başladı. bu layihənin həyata keçirilməsi üçün tək Azərbaycan tərəfi 24 milyard dollara yaxın vəsait xərcləyir. Bunun yarısına yaxını xarici maliyyə institutlarından alınmış kreditlərdir. Qaz layihələrinə görə bu kreditlərin son 5 ildə sürətlə artması Azərbaycanın borclanmasına səbəb olub.

-Xarici dövlət borcunu tamamilə silmək üçün nə etmək lazımdır? Dövlət nə etməlidir ki, xarici borcu olmasın?

-Dünya iqtisadiyyatında dövlət borcunun tamamilə silinməsi anlayışı yoxdur. Çünki bütün dövlətlərin xarici borcu var. Bu normal haldır. O qədər də təhlükəli bir şey deyil. təhlükəli olan məsələ isə odur ki, ümumdaxili məhsula və yaxud da dövlət büdcəsinə nisbətinin təhlükəli hədlərə çatmamasıdır. Əsas hədəf bundan ibarət olmalıdır. Elə ölkələr var ki, ümumdaxili məhsulun tamamına yaxın və yaxud ümumdaxili məhsuldan artıq borcu var. Bax, problem budur. Belə ölkələrin problemləri getdikcə artır. Azərbaycanda xarici dövlət borcu hələ təhlükəli həddə çatmayıb. Bütün borcları saysaq, ümumdaxili məhsulun yarısına belə çatmayıb. Ona görə hələ ki bu təhlükəli deyil. Amma tendensiya təhlükəlidir. Ölkə sürətlə borclanır. Bu təhlükəni hiss etmək və bunun qarşısını almaq lazımdır. Dövlətin borcunun olması o qədər də problemli bir şey deyil. Azərbaycanda ayrılan kreditlərin normal, şəffaf xərclənməsi problemi var. Bir çox hallarda ayrılmış kreditlər, əsasən də dövlət şirkətlərinə ayrılmış kreditlər korrupsiyaya yem olur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda inzibati-iqtisadi məhkəmələr ləğv edildi

Sonrakı məqalə

İsmayıllıda Qəbələyə turist aparan avtobus qəzaya düşüb-