Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı xatirələr kitabını yazıb və orada ikinci ailəsinin olduğunu etiraf edib.
Azpost.info xəbər verir ki, Nazarbayevin yazdığına görə, o, ikinci həyat yoldaşı Asel İsabayeva ilə 90-ların sonlarında tanış olub.
“Heyrətamiz dərəcədə gözəl idi…”
Dediyinə görə, onu ilk dəfə Taldıkorqana səfəri zamanı görüb. Asel onu təyyarənin enişində qarşılayanlar arasında olub: “Aeroportda mənə gül verən qız heyrətamiz dərəcədə gözəl idi. Sonralar mən uzun müddət bu gözəl görünüşlü zərif xanımı xatırlayırdım”, – Nazarbayev deyib. Nazarbayev daha sonra mətbuatdan Asel İsabayevanın “Miss Qazaxıstan” müsabiqəsində “Qran-pri” qazandığını oxuyub və onu tapmaq qərarına gəlib. Bu, 1999-cu ildə baş verib. O zaman Nazarbayevin 59, onun isə 19 yaşı olub.
Nazarbayevin sözlərinə görə, qızın həm xarici görünüşündə, həm də düşüncəsində axtardığı bir çox keyfiyyətləri görüb: “Tanışlığımız böyüyüb qarşılıqlı rəğbətə çevrildi. Yavaş-yavaş görüşməyə başladıq. İstər Aselin xarici görünüşündə, istərsə də düşüncələrində axtardığım bir çox xüsusiyyətləri gördüm. Ən əsası isə illərdir davam edən ruhi tənhalıqdan qurtuldum”.
Tokayev nikah şahidi olub…
Beləliklə onlar müsəlman adətinə görə nikaha daxil olublar. Maraqlıdır ki, mərasimdəki dörd şahiddən biri Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev olub. Nazarbayevin Aseldən iki oğlan övladı dünyaya gəlib: 2005-ci ildə Tauman və 2008-ci ildə Bayken. İlk oğlu dünyaya gəldikdən sonra o, 1962-ci ildə evləndiyi rəsmi həyat yoldaşı Saraya hər şeyi danışmağa qərar verib. Nazarbayev Saranın onu anladığını və bağışladığını deyir: “Tauman doğulandan sonra Almatıya gəlib ondan üzr istəyəndə və hər şeyi olduğu kimi danışanda, o, yenidən nəciblik nümayiş etdirdi. “Körpə mələkdir, qoy, uşaq xoşbəxt olsun” dedi. Qızlarım da məni düzgün başa düşdülər”.
Nazarbayev xatirələrində yazır ki, üç qızı Dariqa, Dinara və Aliyənin anası olan Saraya ən çətin sınaqlar zamanı yanında olduğu üçün minnətdardır.

“Ürəyə hökm etmək olmur”
“İndi iki oğlum böyüyüb. Onlar bizi sevindirir və yaxşı oğlanlar kimi böyüyürlər. Uşaqları sevgi və qayğı ilə böyütməklə insan öz ömrünü uzadır. Budur, dostlar. Mən bütün həqiqəti sizin qarşınıza çıxardım. Buna nə deyəcəyiniz sizə bağlıdır. Bu həyatdır. Təkzibedilməz bir həqiqət var. Həqiqət budur ki, sən ürəyinə hökm edə bilməzsən”, – Nazarbayev yazıb.
Sonralar Asel İsabayeva soyadını Kurmanbayeva olaraq dəyişib. O, Balet və Milli Rəqsin İnkişafı Fondunu və Qazaxıstan Bədii Gimnastikaya Dəstək və İnkişaf Fondunu təsis edib. Hazırda Astana Balet Teatrının bədii rəhbəridir.
İsabayevanın adı “Pandora arxivi”nin dəniz sxemləri ilə bağlı araşdırmasında çəkilir. Orada deyilir ki, İsabayeva ərinin etibarlı köməkçisi olan Vladimir Ninin ailəsinə məxsus şirkətdən 30 milyon dollar alıb.

Nazarbayev üçüncü dəfə evlənib?
Almatı şəhərinin keçmiş meri Viktor Xrapunov və Nazarbayevin keçmiş kürəkəni, mərhum Rahat Əliyev iddia edirdilər ki, siyasətçinin üçüncü arvadı da var – Gülnarə Rakişeva. O, dövlət başçısı ilə stüardessa işlədiyi zaman tanış olub. R.Əliyev deyirdi ki, Nazarbayevin sayəsində Rakişeva “Air Astana”nın vitse-prezidenti, atası isə müdafiə nazirinin logistika üzrə müavini olub. Daha sonra Gülnarə Rakişeva bir neçə şirkət qurub ki, onların arasında xarici brendlərin mebel və qab-qacaq satışı ilə məşğul olan “Sergio Group” da olub.
Azpost.info
