Avstraliya üzrə toplanmış geniş məlumatların hərtərəfli təhlili düzgün olmayan qidalanmanın uşaqların və yeniyetmələrin idrak qabiliyyətlərinə, təhsil göstəricilərinə, eləcə də gələcəkdə müxtəlif xəstəliklərin yaranma riskinə mənfi təsirini təsdiqləyir.
Araşdırmanın nəticələri göstərir ki, qida dəyəri aşağı, kalorisi yüksək məhsulların və şəkərli içkilərin tez-tez istehlak edilməsi gənclərin psixi sağlamlığına, ümumi rifahına və təhsil nəticələrinə mənfi təsir göstərir.
“Sağlam qidalanmanın təşviqi, kimyəvi əlavələr, konservantlar, doymuş yağlar, şəkər və duzla zəngin zərərli məhsulların istehlakının məhdudlaşdırılması erkən yaşlardan faydalı vərdişlərin formalaşmasına və sağlamlığın uzun illər qorunmasına kömək edəcək”.
Azpost.info-nun məlumatına görə, bunu Current Nutrition Reports jurnalında dərc olunan məqalənin ilk müəllifi, elmi işçi doktor Zegeye Abebe Abitew bildirib.
Alimin sözlərinə görə, valideynlər, istehlakçılar, müəllimlər və gənclər uşaqlıq və yeniyetməlik dövründə sağlam qidalanmanın əhəmiyyəti barədə maarifləndirilməlidir.
“Yaşayış xərclərinin artması səbəbindən sağlam qidalanma seçimi etmək çətinləşsə də, qidalanma ilə bağlı maarifləndirmənin sağlam ərzaqların əlçatanlığını və keyfiyyətini artıran sistemli dəyişikliklərlə birləşdirilməsi uşaqların sağlamlığının və inkişafının qorunması üçün son dərəcə vacibdir”, – deyə o qeyd edib.
“Scientific Russia”nın məlumatına görə, meyvə, tərəvəz, taxıl məhsulları, dəniz məhsulları, paxlalılar və süd məhsullarından ibarət balanslaşdırılmış qidalanma orqanizmi uşaqların böyüməsi və inkişafı üçün zəruri olan vitamin və minerallarla təmin edir.
Tədqiqatın digər müəllifi, Flinders Sağlamlıq və Tibbi Tədqiqatlar İnstitutunun (FHMRI) qidalanma və ictimai səhiyyə üzrə eksperti, dosent Yohannes Melaku bildirib ki, uşaqların formalaşma və inkişafının ən mühüm mərhələsində sağlam qidalanmanın xüsusi əhəmiyyəti var.
Onun sözlərinə görə, meyvə, tərəvəz, tam taxıl məhsulları və balıqla zəngin qidalanma yüksək kalorili, yağlı, şəkərli və emal olunmuş məhsulların, o cümlədən qırmızı ətin həddindən artıq istehlakı ilə müqayisədə aşkar üstünlüklərə malikdir.
Sağlam qidalanma psixi sağlamlığa, idrak qabiliyyətlərinə və təhsil göstəricilərinə müsbət təsir edir. Əksinə, yağlı və ultraemal olunmuş məhsullara əsaslanan fastfud qidalanması psixi sağlamlığın pisləşməsi, idrak qabiliyyətlərinin və təhsil nəticələrinin aşağı düşməsi ilə əlaqələndirilir.
Tədqiqatçılar ürək-damar və metabolik göstəricilərlə bağlı nəticələrin birmənalı olmadığını da bildirirlər. Onların fikrincə, qidalanmanın qiymətləndirilməsi və müvafiq tədbirlərin müəyyənləşdirilməsi üçün standartlaşdırılmış metodların tətbiqinə ehtiyac var.
Araşdırmanın nəticələri Avstraliyada valideynlər və uşaqlardan əldə edilmiş məlumatlar da daxil olmaqla, 17 aparıcı tədqiqatın təhlili əsasında hazırlanıb.
Alimlər hesab edirlər ki, uşaqların zehni və idrak inkişafını yaxşılaşdırmaq üçün erkən yaşlardan sağlam qidalanmanı təşviq edən məqsədyönlü tədbirlərə və ictimai səhiyyə strategiyalarına ciddi ehtiyac var. Bu məqsədlə iltihabi prosesləri azaltmağa kömək edən antioksidantlarla zəngin qidaların rasiona daxil edilməsi də tövsiyə olunur.
Bununla yanaşı, qidalanmaya və sağlam ərzaqlara çıxış imkanlarına təsir göstərən daha geniş sosial-iqtisadi amillər də nəzərə alınmalıdır. Alimlərin fikrincə, uşaqlar və yeniyetmələr arasında qidalanma göstəricilərinin yaxşılaşdırılması üçün bu amillərin aradan qaldırılması mühüm əhəmiyyət daşıyır.
N.Talıblı