Nazim Bəydəmirli barədə həbs qərarı qüvvədə saxlanılıb –Sabiq deputat məhkəmədə nə deyib?

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Milli Məclisinin keçmiş üzvü, sahibkar Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Vəkil Aqil Layıc bildirib ki, Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və Bəydəmirlinin barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəkilin sözlərinə görə, Bəydəmirli bu cinayəti törətməyib. “Onun həbsinin əsl səbəbi bu deyil. Həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas yoxdur. Onun cəmiyyətdən təcrid edilməsinə lüzum yox idi. Təəssüf edirik ki, Apellyasiya Məhkəməsi Bəydəmirlini həbsdə saxladı”, – vəkil deyib.

Onun sözlərinə görə, Bəydəmirli məhkəmədə bəzi mesajlar verib.

“Dedi ki, onun ictimai çıxışları kimlərinsə xətrinə dəyibsə həmin adamlardan üzr istəməyə, hətta yazılı üzr istəməyə hazırdır. Yox, əgər həbsinin səbəbi həmin payla (hansısa müəssisədə pay nəzərdə tutulur-red.) bağlıdırsa, o payı istənilən şəxsə bağışlamaya hazırdır”, – vəkil deyib.

A. Layıc bildirib ki, bundan sonra müdafiə tərəfi N. Bəydəmirlinin ev dustaqlığına buraxılması üçün vəsatət qaldıracaq.

Xatırladaq ki, Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (xeyli miqdarda əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmək) ittiham irəli sürülüb. Bu maddə 5 ildən 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Ertəsi gün məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. (Reyting.az)

Əvvəlki məqalə

Nazir və DİN rəhbərliyi təqaüdə göndərilən Ehsan Zahidovla xatirə şəkli çəkdirdi –

Sonrakı məqalə

Şeyxülislam Vatikanın dövlət katibi ilə görüşüb