Nazir ABŞ dövlət katibinin köməkçisi ilə Ermənistanla sərhəddə təxribatı müzakirə edib

11 Yanvar 2022 - 20:43

Yanvarın 11-də xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Tərəflər regional təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar barəsində danışıb. Nazir, Ermənistan tərəfinin iki dövlət sərhədində təxribatı davam etdirdiyi və Kəlbəcər istiqamətində bir hərbi qulluqçumuzun şəhid olması haqqında qarşı tərəfə məlumat verib və bu təxribata görə məsuliyyətin bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.