Nazirlər Kabineti karantini yenə uzadacaqmı?

Azərbaycan ərazisində 4 il 3 ay əvvəl koronavirus pandemiyası ilə bağlı başlayan xüsusi karantin rejiminin müddəti bu il iyulun 1-i saat 06:00-da başa çatır. Amma bir sıra təhlilçilər hesab edirlər ki, Nazirlər Kabineti, bu illər ərzində dəfələrlə olduğu kimi, yenə karantinin müddətinin uzadılması ilə bağlı qərar verəcək.

Azərbaycanda bir sıra yumşaldılma tədbirlərindən sonra karantin məhdudlaşdırmalarından, əsasən, quru sərhədlərin bağlı olması qalıb. Hökumət bundan öncə, martda buna aid növbəti qərarında karantinin müddətinin uzadılmasını koronovirus infeksiyası ilə bağlı təhlükənin hələ də sovuşmaması ilə izah edib. Halbuki hələ ötən il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın başa çatdığını elan edib. Amma son illər rəsmilərin dilindən bu məsələlərlə bağlı təhlükəsizliyə aid mülahizələr də eşidilməyə başlanıb.

Bəs bu dəfə Nazirlər Kabinetinin qərarı necə olmalıdır? Quru sərhədlərdə məhdudiyyət götürülməlidirmi?

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa “Turan”a bildirib ki, bu məsələ dəfələrlə gündəmə gətirilib: “Təbii ki, hökumətin açıqlaması daha çox koronovirusla bağlı riskin olması əsasındadır. Amma, görünür, başqa mülahizələr də ola bilər”.

Deputatın sözlərinə görə, bu, xüsusilə də təhlükəsizlik, bölgədə müharibə şərtlərinin kəskinləşməsi və digər mülahizələrlə bağlıdır: “Amma, məncə, sərhədləri tamamən bağlamaq yerinə, müəyyən mənada yumşaldıcı addımlar atılmalıdır, çünki koronovirus riski xeyli aşağıdır. Düzdür, bəlkə, hansısa mülahizələrlə bunun bir riski olduğu barədə hökumətin əlində informasiyalar var, amma bütövlükdə tələbələr, xəstələr, müəyyən dərəcədə istirahətə gedənlər üçün şərtlərin yumşaldılmasına ehtiyac var”.

F.Mustafanın fikrincə, quru sərhədlərin uzun müddət qapalı olması narahatçılıq yarada və vətəndaşları məmnun etməyən bir addım ola bilər: “Bu baxımından bunun yolları düşünülməlidir və daha yüngülləşdirici addımlar barədə fikirləşilməlidir”.

Əvvəlki məqalə

Həbsdə olan vəkil Sümbülə Əliyeva:

Sonrakı məqalə

Azərbaycanla Aİ arasında əməkdaşlıq müzakirə edilib