Neft Fondu 6 ayda 12 milyard manata yaxın gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2023-cü il iyunun 30-na ARDNF-nin aktivləri 2023-ci ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 12% artaraq 54 915,1 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Azpost.info-ya ARDNF-dən məlumat verilib.

2023-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 11 701,4 milyon manat, büdcə xərcləri isə 2 680,8 milyon manat təşkil edib.

2023-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 624,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 854,6 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər 3,6 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 3 077,1 milyon manat təşkil edir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 977, 6 milyon manat olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 2 661,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 3,6 milyon manat yönəldilib.

2023-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,0 milyon manat təşkil edib.

2023-cü ilin ilk yarim ilində aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunub. İlin əvvəlindən iqtisadi canlanma müşahidə olunsa da, sərt monetar siyasətin davam etməsi iqtisadiyyatda yavaşlama riskini artırıb. Eyni zamanda, inflyasiyanın aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması gələcəkdə faiz dərəcələrin artmasını istisna etmir.

Bildirək ki, aktivlərin həcminin artmasına həm də qızılın qiymətinin qalxması və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı güclənməsi ilə büdcədənkənar gəlirlər töhfə verib.

Azpost.info

Əvvəlki məqalə

İran və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

Sonrakı məqalə

İranda həbs olunan Fərid Səfərli vəkillə təmin edilməyib –