Neftin qiyməti kəskin ucuzlaşdı, 33 dollara düşdü –MANAT DAVAM GƏTİRƏCƏKMİ?

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 26,31% azalaraq 1 barelə görə 33,36 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 27,86% azalaraq 29,78 dollar təşkil edib.

Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfə təsir etməyə başlayıb.

Azpost.info fed.az-a istinadən xəbər verir ki, artıq qonşu Rusiyanın valyutası rubl öz dəyərinin 20%-ni itirib. İlin əvvəlində bu ölkədə dollar 61 rubl olduğu halda, hazırda Rusiyada dolların məzənnəsi 72 rubla çatıb. Bəs Azərbaycanda neftin ucuzlaşması hansı nəticələri verə bilər? Azərbaycan manatı bu dövrə davam gətirəcəkmii?

Xatırladaq ki, Azərbaycanın 2020-ci il üzrə dövlət büdcəsində neftin baza qiyməti 55 dollar götürülüb. Dövlət Büdcəsinin və Dövlət Neft Fondunun gəlirləri, ümumiyyətlə büdcə ilə bağlı bütün rəqəmlər 55 dollarlıq qiymətə əsaslanıb. 2020-ci ildə dollar/manat məzənnəsi də həmin qiymətə əsaslanıb və 1,7 manat müəyyən edilib.

Amma hazırda dünya bazarında Brent neftinin qiyməti 31-32 dollar ətrafındadır. Bir qayda olaraq Azərbaycan nefti Brentdən 2 dollar baha satılır. Belə ki, martın 6-da keçirilən hərraclarda Brent nefti 9,44% ucuzlaşaraq 45,27 dollar olanda, Azərbaycan nefti də 12,47% ucuzlaşaraq 47,16 dollar olmuşdu. Bu hesablamaya əsasən martın 9-dakı enmədən sonra Azərbaycan nefti də 34-35 dollara düşəcək.

Dövlət Büdcəsi və iqtisadiyyatımız neftin bu qiymətinə hazırdırmı? Növbəti devalvasiya ola bilərmi?

Büdcə üçün «qırmızı xətt» neftin 40 dollarlıq qiymətidir

Hökumət nümaynədələri bu barədə geniş müzakirə aparmaq istəməsələr də 2020-ci ilin dövlət büdcəsinə baxanda məlum olur ki, hökumət üçün neftin problemli qiymət həddi, necə deyirlər «qırmızı xətt» – 40 dollardır.

Dövlət büdcəsi ilə bağlı Maliyyə Nairliyinin açıqladığı rəsmi izahatda büdcənin 2020-ci ildə qarşılaşacağı əsas risklərdən iri olaraq neftin ucuzlaşması göstərilib. Burada deyilir ki, beynəlxalq əmtəə bazarlarında enerji daşıyıcları, o cümlədən neftin qiymətlərinin dəyişkənliyi ortamüddətli dövrdə dövlət və icmal büdcələrinin gəlirlərinə təsir edəcək əsas amillərdəndir: «Qeyd etmək lazımdır ki, icmal büdcə gəlirlərinin 52,7 faizi neft gəlirləri hesabına formalaşdığına görə neft qiymətlərindəki mümkün azalma icmal büdcə gəlirlərinin azalmasına və icmal büdcə kəsirinin artmasına təsir edəcəkdir. 2020-ci il üçün icmal büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, icmal büdcə gəlirləri proqnoz göstərici ilə müqayisədə 16,6 faiz azala bilər».

Bununla yanaşı, büdcədə bildiriir ki, 2020-ci ildə neftin qiymətlərindəki mümkün azalmanın dövlət büdcəsinə əhəmiyyətli təsiri gözlənilmir: «Belə ki, dövlət büdcəsinin neft gəlirlərinin əsas hissəsini Dövlət Neft Fondundan transfert təşkil edir ki, bu məbləğ də büdcə tərtibi zamanı xarici valyutada deyil, manat ifadəsində müəyyən olunmuşdur. Büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə cəmi 1,6 faiz azala bilər ki, bu azalmanın da 1,3 faizi birbaşa neft-qaz sektorundan olan gəlirlərin azalması, 0,3 faizi isə neftin qiymətindəki azalmanın dolayı yolla qeyri neft-qaz sektoruna təsirləri nəticəsində ola bilər».

Neftin qiymətlərinin enişi ortamüddətli dövrdə də davam edərsə, bunun dövlət büdcəsinin gəlirlərinə mənfi təsiri daha əhəmiyyətli ola bilər: «Belə ki, büdcə qaydasına əsasən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi (habelə, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi), ölkənin xalis maliyyə aktivləri və icmal büdcənin proqnozlaşdırılan neft gəlirləri əsasında müəyyən olunur ki, ortamüddətli dövrdə icmal büdcənin neftin gəlirlərinin azalması Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğini azaltmaqla, dövlət büdcəsinin neftin gəlirlərinə təsir edə bilər».

Başqa sözlə, büdcədə neftin ucuzlaşacağı ehtimalı nəzərə alınıb, amma hətta burada da neftin minimum qiyməti olaraq 40 dollardan danışılır, başqa sözlə, neftin bu günkü kimi ucuzlaşacağı gözlənilmirdi.

Hökumət numaynədəsi: «30 dollara davam gətirə bilərik»

Son günlər dünya bazarında neftin qiymətinin sürətli ucuzlaşması dövlət nümayəndələrini bu məsələyə münasibət açıqlamağa vadar edib. Amma münasibət optimist olub. İqtisadi İslahatların Təhlili və Kommunikamiya Mərkəzinin (bu qurum ölkədə aparılan iqtisadi islahatları təhlil edir və özünəməxsus analitik mərkəzlərdən biri sayılır) icraçı direktork Vüsal Qasımlı bildirib ki, Azərbaycan iqtisadiyyatı neftin 40-45 dollar, hətta 30 dollarlıq qiymətinə tab gətirə bilər. Cənab Qasımlı bir həftə əvvəl deyib:

Neftin qiymətinin hər barelə görə 1 ABŞ dolları dəyişməsi cari əməliyyatlar hesabımıza illik təxminən 250 milyon ABŞ dolları təsir edir. Azərbaycan neftin hətta hər barel üçün 30 dollardan da aşağı həddinə immunitet qazanıb. Özü də 2015-ci ildə neft qiymətləri üç dəfədən çox azalmışdı. Hazırda belə kəskin azalma mümkün görünmür. Üstəlik hökümət, biznes və əhali neftin qiymət oynamalarına qarşı institutsional və psixoloji baxımdan daha hazırlıqlıdır. İndiki halda deyim ki, biz hətta neftin 40-45 dollar qiymətində də cari hesablar balansının tarazlığını qoruya bilərik. Bu da həm ciddi inflyasiya təhdidi, həm də manatın məzənnəsi ilə bağlı narahatlığın olmadığını göstərir.

Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1,8 milyard manat, xərcləri isə 1,4 milyard manat təşkil edib. Gördüyünüz kimi büdcədə ilk ayda nəinki kəsir, hətta 400 milyon manatdan çox profisit yaranıb. Bu ilin yanvar-fevral aylarında vergi və gömrük orqanlarının operativ məlumatları da onu göstərir ki, proqnozdan artıq vəsait büdcəyə mədaxil edilir. Nəzərə almaq lazımdır ki, bu ilin ilk iki ayında neft qiymətləri ortalama hər barel üçün 60 dolların üstündə olub. Bu hesaba həm Mərkəzi Bankın, həm də SOFAZ-ın ehtiyatları artıb. Təkcə bu ilin yanvar-fevral aylarında Mərkəzi Bankın rezervləri 243 milyon manat çoxalıb. Beləliklə, bu il ərzində proqnozdan əlavə yaranmış ehtiyatlar bundan sonra neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər.

Ən əsası isə odur ki, Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları olmaqla ÜDM-in həcmini 8 faizdən çox üstələyir. Bu da imkan verir ki, ölkənin fiskal dayanıqlılığı təmin olunsun»-deyə Qasımlı bildirib.

Müstəqil iqtisadçılar: «30 dollara tab gətirə bilməyəcəyik»

Müstəqil iqtisadçılar dövlət rəsmisinin bu bəyanatını həddən artıq optimist sayıblar. İqtisadçı ekspert Samir Əliyev Azərbaycan iqtisadiyyatının neftin hər barel üçün 30 dollardan da aşağı həddinə qarşı immunitetininoğlması ilə bağlı fikirləri doğru saymayıb. Samir Əliyev hökuməti neftin qiymətinə arxayın olmamağa və dünyadakı iqtisadi proseslərə hazırlıqlı olmağa çağırıb. Onun sözlərinə görə, 2015-ci ildə də Rusiya və Qazaxıstanda qızğın müzakirələr gedəndə Azərbaycan hökuməti baş altına yastıq qoymaqla məşğul idilər, manatın gücünü reklam edirdilər: « Sonra nə baş verdiyini heç kim unutmayıb. Nəticədə hamı zərbə aldı və hələ də onun fəsadları aradan tam qalxmayıb. İndi dünyada baş verən gərginliyin fonunda ABŞ, Avropa, Yaponiya hökumətlərinin iqtisadiyyatlarından narahat olduqları bir vaxtda bizim hökumət təmsilçisi iqtisadiyyatımızın immunitetindən danışır. Halbuki cəmiyyət hökumətdən indiki gərginlikdə çıxış yolları, hökumətin strategiyası barədə bilgi almaq istəyir».

İqtisadçı bildirib ki, iqtisadiyyatın 30 dollarlıq qiymətə tab gətirəcəyi fikri reallıqdan çox uzaqdır. Hətta Rusiya, hanmsı ki, neftdən asılılığı Azərbaycanla müqayisədə qat-qat azdır, neftin 30 dollarlıq qiymətinə çətinliklə dözəcəyini bildirib.

Samir Əliyev qeyd edib ki, bu dəfə problem təkcə neftin ucuzlaşması fonunda milli valyutanın məzənnəsini qorumaqla bağlı deyil: «Əsas problem idxaldan asılı olan Azərbaycan iqtisadiyyatının sabit məzənnə olduqda belə inflyasiyanı idxal etməsidir. Çin, İran mallarının əvəz edəcək Türkiyə, Rusiya, Avropa mallarının bahalaşması daxili bazara neqativ təsir edəcək. İndi həm dövlət büdcəsinin sosial yükünün artıb, həm qiymətlərin miqyası 2015-ci ildən fərqlənir. Büdcəyə 2015-ci ildəki həcmdə sekvester tətbiq etmək mümkün olmayacaq. Digər tərəfdən koronavirusun ilk zərbəsi yeni dirçəlməkdən olan turizm sektoruna vurur, bir azdan zərbə xidmətin digər qoluna keçəcək. Valyuta ehtiyatlarına gəlincə, 1 ilə Mərkəzi Bankın 11 milyard dollar itirməsi təcrübəmiz var. 52 milyard dollarlıq təhlükəsizlik yastığına ümid etmək olmaz. Kapitalın qorunmadığı və gizli iqtisadiyyatın yüksək olduğu bir ölkədə kapital qaçışı da xırda qığılcımdan alovlana bilər. Ona görə də hökumət koronavirusun dünya iqtisadiyyatına vurduğu və bundan sonra vuracağı neqativ təsirlərin ölkə iqtisadiyyatına transferinin mininmuma endirilməsi üçün tədbirlər planı hazırlamalıdır».

2015 devalvasiyasında neft neçəyə olmuşdu

İndiki proseslərin neftin qiymətinə necə təsir etdiyi barədə danışmaq üçün 2015-ci ildə dekvalvasiya öncəsi vəziyyəti xatırlamaq lazımdır. Həmin vaxt  – 2015-ci ildə dövlət büdcəsində neftin qiyməti 90 dollar idi. Amma qiymətlər hələ ondan əvvəl – 2014-cü ilin oktyabından ucuzlaşmağa başlamışdı. Həmin vaxt neft əvvəlcə oktyabrda 85 dollara, noyabrda 70-80 dollara, dekabrda isə 70 dollardan 57 dollara düşmüşdü. Yanvarda qiymətlər bir qədər də azalaraq 48 dollara enmiş, amma yanvarın sonundan etibarən yüksələrək 58-60 dollar ətrafında dəyişmiş, bu qiymətlər mart ayınadək davam etmişdi.

İndiyədək manatın məzənnəsini qorumaq üçün valyuta ehtiyatlarını tələsik bazara buraxan Mərkəzi Bank Elə həmin vəziyyətdə daha riskə getməyərək dolları bahalaşdırmanı qərara aldı və dollar 1,05 manat oldu.

Başqa sözlə, 2015-ci ildə neftin qiymətinin büdcədəki həddən cəmi 2 ay müddətində 40% aşağı olması kifayət etdi ki, məzənnə dəyişsin. İlin ortalarında qiymətlər 60 dollara keçib, hətta 68 dollara yüksəlsə də, avqustdan yenidən enmə başladı, qiymətlər yenidən 40 dollar ətrafına, dekabrda is 40 dollardan da aşağı həddə qayıtdı və dekabrda ikinci devalvasiya baş verdi – 1 dollar 1,7 manat.

2020-ci ildə isə neftin qiyməti

gözləniləndən daha sürətlə azalıb. Büdcədə neftin qiymətinin əvvəl 60 dollar edilməsinə baxmayaraq, sonradan 55 dollara endirildi. İndiyədək qiymətlər büdcə üçün az-çox məqbul səviyyədə 50-55 dollar ətrafında dəyişirdi. Amma Koronavirus və sonradan OPEK-Rusiya razılaşmasının əldə edilə bilməməsi qiymətləri yenidən çökdürüb – martın əvvəlində qiymətlər 40-45 dollara, indi isə 32-33 dollara enib.

Tədiyyə balansında vəziyyət – 2015 və 2020-ci illər

Nə qədər maraqlı olsa da, 2015 və 2020-ci ilin əvvəlinə Azərbaycanın tədiyyə balansının ümumi göstəriciləri demək olar eynidir.

2019-cu ilin 9 ayı ərzində Azərbaycanın tədiyyə balansının profisiti 4 milyard 167 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə tədiyyə balansının profisiti 3 milyard 665 milyon dollar təşkil etmişdi. Beləliklə, illik müqayisədə tədiyyə balansının profisiti 502 milyon dollar və ya 13,7% artıb. 2015-ci il ərəfəsində – 2014-cü ilin yekun Tədiyyə balansında da 4 milyad 194 milyon dollar müsbət saldo  var  idi.  Başqa sözlə, neftin qiymətlərinin təqribən həmin həddə olması ilə maliyyə axınları da demək olar ki, identikdir.

Ölkədən valyuta çıxarmaq indi daha çətindir

Amma 2015 və 2020-ci illər arasında Azərbaycanda valyuta rejimi və pul siyasəti ilə bağlı ciddi dəyişikliklər var. Ötən dövrdə hökumət nağd pul kütləsini nəzarətə götürmək üçün banklardan nağd pulun çıxarılmasına məhdudiyyət qoyub  – indi banklardan nağd formada yalnız 15-30 min manat çıxarmaq mükündür. Bundan başqa, ölkədən valyutanın avans ödənişləri şəklində çıxarılmasının qarşısını almaq üçün valyuta nəzarət rejimi sərtləşdirilib. Maraqlıdır ki, cəmi bir neçə həftə əvvəl bu rejim yumşaldılmışdı. Bu addımlar ölkədən valyutanın axınının qarşısını almaqda kömək edə bilər, amma həlledici deyil.

Əhali dollar alışını yenidən artırıb

Dünya bazarında neftin ucuzlaşması nəticəsində Azərbaycanda son günlər dollara da tələbat artmağa başlayıb. Ötən həftədən aşlayaraq Azərbaycanda banklardan, xüsusən də “exchange banklar” kimi tanınan Amrahbank, Gunay Bank və Express Bankdan dollar alışı təxminən 40-50 faiz artıb. Ümumilikdə ötən 2 həftədə dolların qiymətində artım qeydə alınıb və alış ilə satış arasındakı məzənnədə kəskin – 40 qəpik fərq yaranıb. Amma bu tələbat neftin qiyməti ilə bağlv deyildi. Sadəcə bazarda “koronavirusa görə dollar bahalaşacaq” mövzusunda söz-söhbət yayılıb və bu, ötən bir həftədə dollar alanların sayında canlanma yaradıb. Bəzi filiallar yüksək məbləğlərlə bağlı müştərilərə imtina etmək məcburiyyətində də qalıblar, çünki hər bir bank valyuta satışı ilə bağlı müəyyən həcmdə məbləğ nəzərdə tutur.

Mart-ın 6-a olan məzənnələr göstərib ki, əksər banklarda dollar 1730-a satılır. “Yapı Kredi Bank Azərbaycan” hətta məzənnəni 1.735-ə qaldırıb. Dolların ən ucuz satışını isə PAŞA Bank realizə edir – 1.720 manat.

Müşahidələrə görə, dollara tələbat həftəsonu da davam edib. Xüsusilə neftin kəskin ucuzlaşacağı ilə bağlı pronozlar açıqlanandan sonra bəzi şəxslər vəsaitlərini dollara çevirməyə başlayıblar. Nəticədə martın 7-də işləyən bank filiallarında dollara tələbat kəskin artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusla bağlı Milli Məclisin yeni deputatları yoxlanılır-

Sonrakı məqalə

Rusiya rublu dollar və avro qarşısında çökdü –