Niyə insanın daim çörək və bulka istəyi yaranır?

Çörək
Çörək

Bəzi insanlarda çörək, bulka və digər un məmulatlarına qarşı dayanıqsız istək uzun müddət davam edə bilər. AzPost xəbər verir ki, bu hal həm enerji çatışmazlığı, həm də orqanizmdə gizli qida defisitləri ilə bağlı ola bilər.

Mütəxəssislərin sözlərinə görə, un məhsullarına meylin ən çox rast gəlinən səbəbi orqanizmin sürətli enerji ehtiyacıdır. Sadə karbohidratlarla zəngin bu məhsullar qanda qlükozanı tez artırır, qısa müddətlik güc verir, ardınca isə səviyyənin qəfil enməsi təkrar istək yaradır və insanı qapalı dövrə salır. Bu zaman orqanizmdə B qrup vitaminləri, xrom və maqnium kimi maddələrin çatışmazlığı daha da güclü istək yarada bilər.

Mütəxəssislər bildirir ki, xrom hüceyrələrin insulinə həssaslığını artırır, maqnium isə enerji istehsalında iştirak edir. Bu maddələrin azlığı hüceyrələrin kifayət qədər enerji almamasına, nəticədə isə şirin və unlu yeməklərə qarşı istəyə səbəb olur. Kifayət qədər lif qəbul edilməməsi də toxluq hissini azaldır və orqanizmi daha çox tez enerji verən qidalara yönəldir.

Stress də un məmulatlarına meyli artıran mühüm faktorlardan biridir. Narahatlıq zamanı orqanizm serotonin axtarır və isti, şirin, yumşaq xəmirlilər bu hormonun qısa müddətli artımına səbəb olur. Psixoloji rahatlıq, uşaqlıq xatirələri və alışılmış dadlar da bu prosesi gücləndirə bilir.

Həkimlər həmçinin bağırsaq mikroflorasındakı pozuntuların un məmulatlarına olan istəyi gücləndirdiyini bildirirlər. Zərərli bakteriyalar sadə şəkərlərlə qidalanır və onlar çoxaldıqca insanın daha çox xəmir qidası yemək istəyi artır. Bu vəziyyət insulinin təsirinin zəifləməsi — insulin müqaviməti zamanı daha da qabarıq olur və bu hal artıq “prediabet” riskinə işarə edir.

Mütəxəssislər problemin azaldılması üçün menyuda dəyişiklik etməyi tövsiyə edirlər. Çörək və bulka əvəzinə mürəkkəb karbohidratlar — tam dənəli məhsullar, paxlalılar, dənli bitkilər, eyni zamanda kifayət qədər lif və zülal qəbul etmək enerji səviyyəsini sabit saxlayır və qlükoza sıçrayışını zəiflədir.

B qrup vitaminləri, xrom və maqniumla zəngin məhsulların — çərəzlər, toxumlar, ət qaraciyəri, balıq, göyərtilərin artırılması da faydalıdır. Bağırsaq mikroflorasının balansı üçün soğan, sarımsaq, çiqori, yaşıl banan, soyudulmuş düyü və kartof kimi prebiyotiklər, eləcə də qatıq, kefir və turşu kələm kimi probiyotiklər tövsiyə edilir.

Stressi azaltmaq üçün meditasiya, nəfəs məşqləri və yüngül fiziki fəaliyyət də un məmulatlarına olan istəyi tədricən zəiflədə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.