Noyabrda nostrifikasiya üzrə 322 nəfər müraciət edib –

Təhsil Nazirliyi
09 Dekabr 2020 - 11:31

Bu ilin noyabr ayı ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici ali təhsil müəssisələrindən əldə edilən kvalifikasiyaların tanınması ilə bağlı 322 vətəndaş müraciət edib.

Təhsil Nazirliyindən bildirilib ki, müraciət edənlərdən 219 nəfər barədə müsbət, 103 nəfər bərədə isə mənfi qərar qəbul olunub.

Mənfi qərarla yekunlaşan nəticələrin böyük əksəriyyətinin səbəbi tədris yükünü ödəmək üçün təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi və ya tədris dilinin qənaətbəxş hesab edilməməsi olub. MDB-yə üzv olan ölkələrdə, Gürcüstan və Türkiyədə təhsil alanların müraciətləri üstünlük təşkil edir. Statistikaya əsasən, hüquqşünaslıq, biznesin idarə edilməsi, tibb, təhsil elmləri, iqtisadiyyat və digər ixtisas istiqamətləri üzrə müraciət edənlər daha çoxdur.

Qeyd edək ki, hazırda ölkə ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə tənzimlənir.