O səni sevirdi –

İsaxan İsaxanlının HEKAYƏSİ
03 Dekabr 2020 - 20:53

 

İsaxan İsaxanlı

Xəzər universitetinin prorektoru

 

Nəriman orta məktəbi bitirib Bakıya gəldi. İm­tahan verib Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul oldu. Əslində, hələ orta məktəbin son illərində oxuduğu zaman o, ədəbiyyatçı olmaq arzusunda idi və ədəbiyyat fakültəsinə qəbul olmağa hazırlaşırdı. Ailəsində fizikanın xüsusi yeri vardı. Nərimanın valideynləri vaxtilə elə onun oxu­duğu kənd orta məktəbində fizika müəllimi işlə­miş­dilər. Onlar hələ tələbə ikən Bakıda, Azərbaycan Pe­da­qoji İnstitutunda tanış olmuş və ali məktəbi bitirən kimi də evlənmişdilər. Hələ on yaşında ikən Nərimanın atası faciəli şəkildə dünyasını dəyişmiş, bundan sonra anası da artıq həmin məktəbdə işləyə bilməmiş və ümumiyyətlə, müəllimlik sənətinə son verib özünü tamamilə uşaqlarına həsr etmişdi. Valideynlərinin fizikaya olan xüsusi sevgisi sonra Nərimanı da “yoldan çıxartmış” və o da fizika fakül­tə­sinə qəbul olmuşdu.

Nəriman Bakıda tələbə yataqxanasında qalırdı. Gəldiyi ilk günlərdə evləri, doğmaları, xüsusən də anası üçün çox darıxırdı. Bu ayrılığa dözmək artıq mümkünsüz bir hal almışdı. Yaxın dostu Murad onun çox darıxdığını görür və bunun keçəri bir hiss ol­du­ğunu başa salmağa çalışırdı. Murad yaşca Nəri­man­dan xeyli böyük idi. O, hərbi xidmətini başa vur­duq­dan və bir neçə il də işlədikdən sonra ali məktəbə qə­bul olmuşdu. Yaş fərqi olsa da onlar arasında əsl dostluq münasibətləri yaranmışdı.

Muradın bütün cəhdlərinə baxmayaraq, Nərimanı sakitləşdirmək mümkün olmadı. Nəhayət, bir gün heç kimə xəbər vermədən, Nəriman qatara bilet alıb ev­lərinə qayıtdı. Şəhər həyatına alışa bilməyən Nəri­man o qədər darıxırdı ki, ali məktəbi atmaq qə­rarına gəlmişdi. O bu fikrini böyük qardaşı Firu­dinə deməyə çəkinsə də, anasına açdı və ana­sı­nın heç gözləmədiyi təpkisi ilə qarşılaşdı. Buna bax­ma­yaraq, Bakıda elə darıxmışdı ki, anasının nə dediyi, qar­da­şının da nə deyəcəyi onu ciddi narahat etmirdi və o, qərarında israrlı görünürdü. Axşam evə gələndə anası hər şeyi Firudinə danışdı. Firudin əvvəlcə Nərimanı məs­ləhət yolu ilə başa salmağa çalışdı. Lakin buna nail ola bilməyəcəyini hiss edib onu danlamağa, mə­zəm­mət etməyə başladı. Bu cəhdinin də baş tutma­ya­ca­ğını görəndən sonra o, vəziyyəti bir müddət öz axa­rına buraxmaq qərarına gəldi və anasından da xahiş etdi ki, bir neçə gün Nərimanla bu haqda heç bir söh­bət eləməsin. Firudinin bu taktikası tezliklə öz bəh­rə­sini verdi. Kənddə, xüsusən də orta məktəb yoldaşları ara­sında belə bir xəbər dolaşmağa başladı ki, Nəri­man universitetdə oxuya bilmədiyi üçün, qovulub. Kənd camaatı arasında yayılan bu əsassız şayiə Nə­ri­mana çox yer elədi və o, yenə heç kimə demədən sa­kitcə biletini alıb Bakıya qayıtdı.

 

Nəriman böyük həvəslə təhsilini davam et­dir­mə­yə başladı. Elə bil baş verənlər onu daha da hə­vəs­ləndirmişdi, özü də hiss edirdi ki, həyata baxışı dəyişmiş və özünü qısa müddət ərzində qəflətən yaşa dolmuş bir insan kimi aparmağa baş­lamışdı. Əvvəllər bir az özündən razı kimi görünən, əlinə düşən hər məqamda amiranəliyini nümayiş et­dir­məyə çalışan Nəriman indi hər şeyə sakit, təmkinlə yanaşır, qrup yoldaşları ilə daha xoş rəftar edirdi. O, qrup nümayəndəsi olaraq, üzərinə düşən təşkilati iş­lə­rin yerinə yetirilməsində əvvəlki kimi, bir az sərt və amiranə görünsə də, bütün bunları elə etməyə çalışırdı ki, heç kimin xətrinə dəyməsin, heç kimi özündən incik salmasın.

***

Qruplarında Nərgiz adlı qaraşın bir qız vardı. Nisbətən ucaboylu, arıq, qıvırcıqsaçlı Nərgizi gözəl adlandırmaq olmazdı, lakin həddindən artıq su­yu­şi­rin bir qız idi. Danışığı, gülüşü, baxışları onun qəl­binin təmizliyindən, bir insan kimi səmimiy­yə­tindən xəbər verirdi. Qızların əksəriyyətindən fərqli olaraq, yersiz zarafatlardan həmişə uzaq olan, ağıllı, təbiətən sa­kit, soruşmasan dillənməyən bir qız olan Nərgiz elə ilk günlərdən Nərimanın diqqətini cəlb etmişdi. De­yə­sən, Nərgiz də Nərimana biganə deyildi və imkan düşdükcə oğrun-oğrun ona baxsa da, münasi­bət­lə­rin­də bunu qətiyyən sezdirmirdi.

Nəriman payız semestrini başa vurdu. Tətil gün­lə­rində universitetin tələbə həmkarlar ittifaqının xətti ilə bir turist səfəri təşkil edilmişdi. Tələbələr xüsusi turist qatarı ilə həyata keçirilən 12 günlük səfər ərzində keçmiş Sovet İttifaqının bir neçə şəhərini gəzmək imkanı əldə etmişdilər. Nəriman da bu səfərə gedən tələbələr arasında idi. Onlar gecələr yol gedir, hər səhər tezdən, saat 6-7 radələrində bir şə­hə­rə çatırdılar. Onların gəzdiyi şəhərlər arasında Kiyev, Lvov, Kişinyov, Minsk, Vilnyus kimi şəhərlər də var idi. Bu səfər Nərimanın ilk “ciddi səfəri” idi və o, ilk dəfə idi ki, təkcə, ailəsindən uzaq bir səfərə çıxmışdı. Həmin səfərdən aldığı gənclik təəssüratları Nərimanın həyat təcrübəsi qazanmasında xeyli rol oynamışdı. Səfərdən döndükdən sonra Nəriman bir qədər də dəyişmiş, xeyli müstəqilləşmiş, özünü artıq yuxarı kurs tələbələri kimi, daha sərbəst, daha inamlı aparırdı.

***

Yaz semestrinin ilk günləri idi. Mühazirədən sonra, tənəffüs vaxtı Nəriman dəhlizdə təkcə dayanıb yeni dərsin başlanmasını gözləyirdi. Kimsə arxadan ona yaxınlaşdı. Nəriman dönüb geriyə baxdı. Nərgiz idi. “Xoş gördük, starosta” (Nəriman qrup nüma­yən­dəsi idi və qrup yoldaşlarından bir çoxu, xüsusən də qızlar ona bəzən belə müraciət edirdilər) – deyə əlini Nərimana uzatdı. Nəriman əl verdi və nədənsə, birdən-birə cəsarətləndi, ani olaraq Nərgizin əlini buraxmadı. Gözləmədiyi bir vəziyyətlə qarşı­la­şan Nərgiz bir anlığa özünü itirsə də, heç nə büruzə vermədən əlini geri çəkdi. Nəriman istədiyinə nail olmuş bir gənc kimi, bir az özündən razı halda dilləndi: “Xoş gördük, Nərgiz”. Onlar şirin-şirin söh­bət edə-edə universitetin arxa tərəfindəki kiçik parka gəldilər və Onegin skameykasına bənzər bir skamey­kada əyləşdilər. Birdən Nərgiz həyəcanlı halda: Vay, dərsə gecikdik, qaib yazacaqlar, – deyə ayağa qalxdı. Əslində, dərsin başlanmasından artıq 20 dəqiqə keç­mişdi və Nəriman bunu bilsə də, Nərgizlə baş-başa qalmaqdan həzz aldığı üçün üstünü vurma­mışdı. O, yarı zarafat, yarı ciddi: Starosta mən deyi­ləm, kim sənə qaib yazacaq? – deyə Nərgizin əlindən tutdu. Nərgiz oturdu: Yaxşı, bir halda ki dərsə getmədik, onda danış görək, səfərin necə keçdi? – deyə əlini geri çəkərək gözlərini Nərimana dikdi. Bu baxışlarda o qə­dər səmimilik var idi ki, o an Nə-ri­­man Nərgizi qucaqlayıb öpmək istədi, lakin tez də bu riskli fikrindən vaz keçdi. Amma o bu dəqiqə­lər­də Nərgizin digər qızlardan nə qədər fərqli oldu­ğunu, onun səsində xüsusi bir məlahət, təbəssümündə xü­susi bir incəlik, baxışlarında xüsusi bir od ol­du­ğunu bütün varlığı ilə, hətta bütün bədəni ilə hiss etdi. Hisslərindən bir az cuşa gələn Nəriman dilləndi: Bilirsən, Nərgiz, həyatmda birinci dəfə idi ki, belə uzun səfərə çıxmışdım. Əvvəlcə bir az darıxdım, amma bir-iki nəfərlə dostlaşdıqdan sonra hər şey keçib getdi. Sənə maraqlı bir hadisə danışım. Bir kupedə dörd nəfər idik. Onlardan biri universitetin ədəbiyyat fakültəsinin 2-ci kurs tələbəsi, ikisi də başqa ali məktəbin tələbəsi idi. Vaxtımız çox olduğu üçün hər şeydən danışırdıq. Söhbətimiz poeziyadan düşəndə ədəbiyyat fakültəsində oxuyan o tələbədən başqa, hamımız danışırdıq. O isə bir kəlmə də demirdi. Bizim “sən də danışsan” təklifimizə o, “nə deyim e” deyə cavab verirdi. Əvvəlcə onun çox təvazökar olduğunu düşünürdüm, sonra gördüm ki, yox, bu adam, sadəcə olaraq, ədəbiyyat fakültəsinə qəbul olub, amma ədəbiyyatdan, ümumiyyətlə, xəbərsizdir. Lap bizim Mirbala kimi! (Nərimanın qrup yoldaşı Mirbala bütün tələbələr arasında ən zəif oxuyan idi, onun, demək olar ki, fizikadan xəbəri yox idi. Uşaqlar bunu onun üzünə vurmasalar da, yeri gəldikcə öz aralarında deyib-gülürdülər) Nərgiz özündən asılı olmayaraq, ucadan güldü. Nəriman davam etdi: “Mən başa düşmürəm, ədəbiyyat fakültəsində oxuyasan, poeziyanı sev­mə­yə­sən, sən gərək yemək yeyəndə də, çay içəndə də şeirlə yeyib-içəsən. Poeziya eşqdir, sev­gi­dir, aşiqlikdir; eşqsiz, sevgisiz də yaşamaq olar­mı?”. Nəriman o qədər ehtirasla danışırdı ki Nərgiz ona mane olmamaq üçün, nəfəsini içinə çəkmiş halda sakitcə qulaq asırdı. Nəriman, sanki bir qədər əvvəl de­diyi fikirlərini əsaslandırmaq üçün, bir-birinin ar­dın­ca bir neçə sevgi şeiri dedikdən sonra fikirli-fikir­li: Nə isə, – deyib mövzunu bir qədər dəyişdi: “Amma açığını deyim ki, səfərin sonuna yaxın əməl­li-başlı darıxmağa başlamışdım”. Bu zaman Nər­giz onun sözünü kəsdi və şux, bir qədər də mə­na­lı bir baxışla: Kimin üçün darıxmışdın, sirr deyil­sə? – deyərək qımışdı. Nəriman bir anlığa fikrə getdi və ürəyindən “əlbəttə, sənin üçün” demək keçdi, am­ma nədənsə: Düzü, ən çox anam üçün darıxırdım, – dedi.

***

Birinci kursu bitirəndən sonra, yayda fiziki əmək­lə məşğul olmaq üçün bütün tələbələri Rusi­yanın müxtəlif şəhərlərinə göndərdilər. Fizika fakül­təsinin tələbələrini Krasnodar vilayətinə gön­dər­miş­di­lər. Krasnodardan təxminən bir saatlıq məsafədə yerləşən bir kənddə xüsusi düşərgə salınmışdı və  150-ə yaxın tələbə burada yerləşdirilmişdi. Tələbə­lə­rin əsas işi kənd təsərrüfatı məhsulları (kələm, günəbaxan, pomidor və s) əkilmiş tarlalara qulluq etmək, yaxşı məhsul yetişdirməkdən ibarət idi.

Hər axşam işdən gəldikdən sonra tələbələr din­cəl­mək üçün diskotekalar təşkil edirdilər. Nəriman­gi­lin qrupundan olan üç nəfər: Elman, Kifayət, Xəyalə tez-tez və hərdənbir də Nərgiz diskotekaya gedirdi. Nə­riman da gecələr diskotekaya ge­dir, özü rəqs etməsə də, kənarda durub rəqs edənlərə tamaşa edirdi. Bir dəfə diskotekaya maraq qatmaq üçün xüsusi musiqi çalındı, “bəyaz rəqs” elan edildi. Bu rəqs ifa ediləndə, bir qayda olarq, qızlar oğlanları rəqsə dəvət etməli idilər. Oğlanlar bir kənara çəkilib kimin onları dəvət edəcəyini maraqla gözləyirdilər. Onsuz da çox nadir hallarda rəqs edən Nəriman sakitcə çəkilib bir yanda dayandı. Qısa müddət ərzində rəqs meydançası doldu, qızlar, sanki bir-birinin bəhsinə, oğlanları rəqsə dəvət edirdilər. Qızlardan bəziləri sev­dikləri oğlanları, bəziləri dostlarını, bəziləri də heç bir məqsəd güdmədən, sadəcə, “dəstədən geriyə qalma­maq üçün”, kimi gəldi dəvət edirdilər. Elman və Ki­fayət bütün gecəni dayanmadan rəqs edirdilər, hər musuqi çalındıqca bir-birini dəvət edir, gecənin ləzzətini çıxarırdılar.

Növbəti “bəyaz rəqs” elan edildi. Birdən Elman, dəvət gözləmədən, özü Kifayətin qarşısında centle­men­sayağı baş əyərək onu rəqsə dəvət etdi. Onun bu hərəkəti yanındakıların elə xoşuna gəldi ki, “Bəyaz rəqs” olmasına baxmayaraq, onlar da eyni əda ilə qız­ları rəqsə dəvət etdilər, gülə-gülə, nəşəli şəkildə rəqs et­mə­yə başladılar. Bu zaman Nəriman da özündən asılı ol­ma­yaraq, onlara baxıb əlini Nərgizə uzatdı. Onun bu hərəkətindən, deyəsən, Nərgiz də xoşhal olmuşdu və əlini Nərimana verib dəvəti qəbul etdi. Nəriman həya­tın­da birinci dəfə idi ki, bir qızla bu şəkildə rəqs edir­di. Həyəcandan əlləri əsir, ayaqları sözünə baxmırdı. O, əllərinin hərarətindən hiss edirdi ki, Nərgiz də hə­yəcanlıdır. Bədəni onun bədəninə dəydikcə Nərgizin ti­tim-titim titrədiyini hiss edən Nəriman bir az cə­sa­rətlənərək sol əlinin barmaqlarını Nərgizin sağ əlinin barmaqları arasına taxdı, qarşı tərəfdən etiraz gəlmədi – bu, iki qəlbin qovuşması, iki ruhun bir­ləş­mə­si idi.

Bu gecədən sonra Nərimanla Nərgiz hər gün birlikdə vaxt keçirirdilər. İşdən qayıdıb axşam yeməyini yeyəndən sonra onlar gah düşər­gə­nin yaxınlığındakı meşəyə tərəf gedir, gah da qonşu kəndə gedən qara yol üstündə ucalan tənha ağcaqa­yının altında oturub söhbət edirdilər. Nərimanın sev­diyi şairlərdən dediyi sevgi şeirləri ilə müşayiət edilən bu görüşlər bəzən saatlarca sürürdü.

***

Yay tətili sona yetdi. Bakıya qayıtmaq vaxtı gəlib çat­dı. Axşam saat yeddi radələrində qatar Minvod stan­siyasında dayandı. Burada elan etdilər ki, qatar bu stan­siyada xeyli duracaq. Nəriman Nərgizlə bir qədər yalqız qalmaq üçün (əslində, Nərgizin bu məqsəddən qəti xəbəri yox idi, bu, Nərimanın qurması idi) uşaq­lara dondurma almaq bəhanəsi ilə qatardan xeyli uzaq­laşdılar. Nəriman qəsdən vaxtı uzatmağa çalı­şır­dı ki, qatar getsin. Nərgiz isə: Tez ol, birdən qatar gedər, – deyə onu tələsməyə çağırırdı. Xeyli dolaş­dıq­dan sonra onlar çoxlu sayda dondurma alaraq geri qa­yıt­dılar. Amma artıq gec idi… qatar getmişdi. Nəri­man nə olacağını heç düşünmədən ürəyində sevinir, Nər­giz isə: İndi uşaqlar öz aralarında nələr danışırlar, – deyə çox narahat idi. Hələ, üstəlik, onu Bakıda atası qarşılayacaqdı. Nələrin baş verəcəyi, hansı söz-söhbətlərin ola biləcəyi bəlli idi. Nərgiz: Tez ol, bir şey fikirləş, – deyə, qara gözləri doluxsunmuş halda Nərimana təzyiq edirdi. Nərimandan olsa, heç bir şey fikirləşməz, heç bir yol aramazdı. Lakin Nərgizin mənəvi əziyyət çəkdiyini görürdü və bir şey düşün­mək məcburiyyətində idi. O, məlumat bürosundan bir qə­dər məlumat aldı və qərara gəldilər ki, növbəti stan­siyada qatara çatmaq mümkündür. Ciblərində olan pul­ları bir yerə yığıb bir taksiyə oturaraq növbəti stan­siyaya – Qeorqiyevsk stansiyasına getdilər. Ancaq yen­ə gec idi… qatar, artıq 10-15 dəqiqə olardı ki, bu stansiyadan da tərpənmişdi. Məsələ aydın idi. Oturub bundan sonra nə edəcəklərinə qərar ver­mə­li idilər. Bu stansiya yaşayış məntəqələrindən uzaq sakit bir yerdə yerləşirdi Bu səbəbdən onlar burada gecələməyin bir qədər təh­lükəli olduğunu düşünərək, yenidən insanların çox olduğu Minvod stansiyasına qayıtdılar.

Səhərəyaxın saat 4-5 radələrində minbir əziyyətlə (əslində, Nəriman üçün bu çox xoş bir əziyyət idi) Minvoddan keçən Leninqrad – Dər­bənd qatarı ilə Dərbəndə, oradan da avtobusla Ba­kı­ya gəldilər.

Bəlkə də, o vaxt Nərgiz Nərimanın hər şeyi planlı şəkildə etdiyini bilsəydi, ondan möhkəm inciyərdi, bəlkə də, əksinə, kim bilir?..

***

Dərs ili başladı. Nərimanla Nərgiz, yayda olduğu kimi, istədikləri zaman, istədikləri qədər sər­bəst görüşə bilməsələr də, bəzən dərsdən sonra, bəzən də dərs vaxtı universitetin arxa tərəfindəki parka ge­dir, söhbət edirdilər. Hətta bəzən (bu “bəzən”lər tez-tez olurdu) söhbətə o qədər aludə olurdular ki, dərsə getmək belə yaddan çıxırdı. Lakin bir ildən çox za­man keçməsinə baxmayaraq Nəriman Nərgizə ona olan məhəbbəti haqqında bir kəlmə də deyə bilmə­miş­di. O, bir neçə dəfə buna cəhd etsə də, son anda cürət etməmiş, ürəyindən keçənləri dilinə gətirə bil­mə­mişdi. Hərdən gecələr cəsarətlənir, sabah mütləq onu sevdiyini deyəcəyini özünə söz verir, lakin, nə­dən­sə, Nərgizin onun məhəbbətinə müsbət cavab ver­məyəcəyini düşünür, həyəcan onu bürüyür və o, yenə susurdu. Nəriman ürəyindən keçənləri yalnız şeirlərin diliylə ifadə edə bilirdi. Nərgiz isə bu sevgi dolu sözləri onun öz dilindən eşidəcəyi anı hər gecə xəyalına gətirir və o anın həyəcanından bütün bədəni əsirdi.

***

Mayın 27-si Nərgizin doğum günü idi. Tələbə yoldaşları onu təbrik etmək üçün hədiyyə almağı və evlərinə gedib təbrik etməyi planlaşdırmışdılar. Bu ən çox da Nərimanın planıydı. Bu işdə ona Nərgizin yaxın rəfiqəsi – Nərimana qardaş gözü ilə baxan Tür­kan kömək edirdi. Nəriman da Türkanın xətrini çox istəyir, ona bir bacı kimi baxırdı. Türkan Nərimanın dostu Mirdamətin xalası qızı idi və oğlanlar arasında yaranmış bu dostluq münasibətləri Türkanla Nərima­nı da bir-birinə yaxınlaşdırmışdı. Türkan hər iki tərəflə – həm Nərgiz, həm də Nərimanla dostluq etməsinə baxmayaraq, heç vaxt onların şəxsi münasi­bət­lərinə qarışmır, bu haqda onların heç biri ilə açıq söhbət etmirdi. Təbiətən də dedi-qodudan, söz aparıb-gətirməkdən uzaq olan Türkan bu məsələyə çox həs­sas yanaşır və kiminsə tərəfini tutmaqdan çəki­nir­di. Amma, indi bu ərəfədə Türkan nəyə görəsə, yaxşı mənada, canfəşanlıq göstərir, Nərgizin doğum gününün təntənəli qeyd edilməsi üçün əlindən gələni etməyə çalışır, bu məsələdə Nərimanı hər cür hə­vəs­ləndirir, ona mənəvi dəstək verirdi.

Müxtəlif hədiyyələr almaq təklif edilsə də, çox götür-qoydan sonra Nərimanın təklifi və hətta təkidi ilə bir üzük almaq qərarına gəldilər. On nə­fə­rə yaxın qrup yoldaşı Sumqayıta Nərgizgilə get­dilər. Qapını Nərgizin anası açdı. Qonaqları gülərüzlə qarşılayandan sonra ömür yoldaşını səslədi: “Fikrət, Nərgizin tələbə yoldaşları gəlib”.

Fikrət müəllim çox ehtiramla hər kəslə ayrı-ayrı görüşdükdən sonra ha­mı­nı süfrəyə dəvət etdi. Məclisin qızğın yerində, əvvəlcədən şərtləşdikləri kimi, Nəriman ayağa durdu və Nərgizin də ayağa qalxmasını xahiş etdi. Nərgizi təbrik etdikdən sonra üzüyü çıxartdı və qrup yoldaşlarının alqış sədaları altında onun barmağına keçirdi. Bu anda Nəriman özünü inanılmaz dərəcədə xoşbəxt hiss edirdi. O sanki Nərgizin barmağına bir hədiyyə deyil, nişan üzüyü taxmışdı. Gözünün altıyla Nərgizə baxdı. Bu gözlənilməz hədiyyə deyəsən çox gözlənilməz ol­muş­du. Nərgiz bir qədər çaş-baş qaldı və qızar­mış halda hamıya təşəkkür edib oturdu.

***

Bu hadisədən sonra Nərgiz bir neçə gün univer­si­te­tə gəlmədi. Nəriman çox narahat idi. Bəlkə də, bu üzük məsələsi Nərgizin xoşuna gəlməmişdi və o, universitetə gəlməməklə qrup yoldaşlarına, xüsusən də ona öz etirazını bildirirdi. Nəriman Nərgizin on günə yaxın dərsə gəlməməsinə başqa məna verə bil­mirdi. Üstəlik, artıq imtahan sessiyası başlamışdı və Nərgiz ilk imtahanda da iştirak etməmişdi. Nəhayət, Türkan xəbər gətirdi. Bu xəbərdən sonra Nəriman, bir tərəfdən, rahat nəfəs aldı, digər tərəfdən də, ciddi na­rahat olmağa başladı. Türkanın dediyinə görə, Nərgiz uşaqlıqdan ürək çatışmazlığından əziyyət çəkir­miş. İndi, bu arada, xəstəliyi xeyli şiddətləndiyi üçün xəstəxanada yatırdı. Yoğun baxıma alındığı üçün həkimlər yanına gəlməyə icazə vermirdilər.

***

İmtahan sessiyası başa çatdı. Nəriman Gürcüs­tana – evlərinə getdi. Bir neçə gün kənddə qaldıqdan sonra canı sıxılmağa başladı. O, elə bil ruhunu Bakıda qoyub gəlmişdi. Nərimanı qarma-qarışıq hisslər bürümüşdü və çox narahat idi. O, heç vaxt dilinə almasa da, Nərgizə dəlicəsinə vurulmuşdu. Nər­gizin onun üçün nə qədər əziz bir varlıq olduğunu indi – ondan aralı düşdüyündə hiss edirdi. Gündüzlər müəyyən işlərə başı qarışdığından darıxmağa vaxtı olmasa da, gecələr özünə yer tapa bilmir, gizlicə göz yaşı axıdırdı. Bir dəfə Nərgizi yuxusunda görmüş və sə­hər yerindən duran kimi təlaş içində nənəsinin ya­nı­na qaçmışdı: “Bu gecə bir yaxın dostumu yuxumda görmüşəm. O, suda boğulurdu, mən isə yanında ol­sam da, ona kömək edə bilmədim, o boğuldu. Sən yu­xu­ları yaxşı yozursan, nənə, bu nə deməkdir, mənə bir şey söylə?”.

Nənəsi, onun başını sığallayaraq: “Su ay­dınlıqdır, atam-anam, narahat olma”, – deyərək onu sa­kit­­ləşdirmişdi. Nəriman öz sevgisini açıq şəkildə Nər­­gizə etiraf etmədiyi üçün gecə-gündüz özünü dan­­layır, cəsarətsizliyinə görə özünü möhkəm qı­nayırdi.

Nahardan xeyli keçmişdi. Nəriman içəri girəndə nənəsinin namaz qıldığını görüb (bu, ilkindi namazı idi), ona mane olmamaq üçün ayaq saxladı. Nə­dənsə birdən ürəyində bir maraq oyandı və o durub pən­cərədən nənəsinə tamaşa etməyə başladı. Nənəsi na­mazını bitirdi, namazlığını səliqə ilə büküb çar­pa­yı­nın bir tərəfinə qoydu. O, otaqdan çıxandan sonra Nə­ri­man içəri girdi, bir neçə dəqiqə səssizcə oturdu və birdən ayağa qalxıb çarpayıya yaxınlaşdı, nənəsinin namazlığını götürüb yerə sərdi. Ayaq üstə durub ba­şını aşağı saldı, əllərini çal-çarpaz sinəsinə qoyub (o, nənəsinin hərəkətlərini təkrar etməyə çalışırdı) dua et­məyə başladı: “Ey nənəmin Allahı, ey yerin, göyün sa­hibi, ürəyimi sənə açıram. Mənə inam ver, mənə cə­sa­rət ver ki, ürəyimi Nərgizə də aça bilim, onu sev­di­yimi söyləyə bilim”.

Nəriman ürəyini tam boşalt­dıq­dan sonra duasını qurtardı, namazlığı nənəsi etdiyi ki­mi büküb yerinə qoydu. Eşiyə çıxdı. Ürəyində qəri­bə bir sakitlik və rahatlıq vardı, özünü inanılmaz cə­sa­rətli hiss edirdi. İndi Nərgiz burada olsaydı, heç tə­rəd­düd etmədən: “Mən səni sevirəm, Nərgiz, sənsiz ya­şaya bilmirəm və bir gün də sənsiz yaşamaq istə­mi­rəm”, – deyərdi. Nəriman içində böyük inamla bu dəfə Bakıya gedəndə, elə ilk görüşündəcə, Nərgizi sev­di­yi­ni ona deyəcəyini özünə möhkəm-möhkəm söz ver­di.

***

Nəriman Bakıda bir az işi olduğunu bəhanə gətirərək vaxtından bir qədər tez, avqustun 24-də Bakıya gəldi. Dərslərin başlanmasına cəmi bir həftə qalsa da, o, heç cür rahatlıq tapa bilmirdi. Məlumat ala biləcəyi yeganə adam Türkan idi, lakin Nəriman onun yaşadığı ünvanı bilmirdi. Bir də ki, yəqin, Türkan da hələ rayondan qayıtmamışdı. Adətən, qızlar Bakıya dərsə bir-iki gün qalmış gəlirdilər. Hətta ürəyindən Sumqayıta – Nərgizgilə getmək də keçdi, lakin onun valideynlərindən utandığı üçün buna cürət edə bil­mədi.

Sentyabrın 1-də Nəriman universitetə hamıdan tez gəlmişdi. Yavaş-yavaş qrup yoldaşları yığışmağa başladılar – Kifayət, Xəyalə, Fəridə, Hikmət, Murad, Mirdamət… O, gözləri ilə Nərgizi axtarırdı. Bir qədər keçmədi, Türkan gəldi. Nərimanın sualdolu nəzərləri ona dikildi. Türkan hamıya həvəssiz şəkildə ümumi salam verdi, bir qədər susdu və birdən iki əliylə üzünü tutaraq titrək səslə, boğula-boğula: “Nərgiz dünyasını dəyişdi”, – dedi.

Hamı susmuşdu, heç kim heç nə deyə bilmirdi. Türkan Nərimana tərəf baxdı. Nəriman ildırım vurmuş kimi yerindəcə donub qalmışdı. Rəngi ağappaq ağarmış, dodaqları qurumuşdu. Nəriman özünü sax­la­ya bilmədi, göz yaşlarını kimsə görməsin deyə üzü­nü yana çevirdi, bir qədər aralandı. Türkan ona ya­xın­laş­araq ehmalca qolundan tutdu, göz yaşları içində, hıç­qı­ra-hıçqıra dedi: “O səni çox sevirdi – özü də kimsənin sevə bil­mə­yə­cəyi qədər”. Bu sözlər Nər­imanın bütün ruhunu titrətdi, içində elə bil bir vulkan püskürdü, ətrafdakılara heç bir məhəl qoy­ma­dan, əllərini göylərə qaldırıb: Allah, mən sənə nə et­dim ki, mənə bu qədər zülm edirsən. Sevmək bu qədər günahmı?” – deyə göz yaşlarını içinə axıtdı.

Nəriman özünü itirmişdi. Son zamanlarda qəl­bin­də baş qaldırmaqda olan Allah sevgisi və bütün varlığı ilə canından çox sevdiyi bəndə sevgisi arasında çaşbaş qalmışdı. Amma onun Nərgizə olan sevgisi o qədər səmimi, o qədər güclü idi ki, özündən asılı ol­mayaraq, hətta Allaha sitəm etməyə başlamışdı; o nə de­yə­cəyini, nə edəcəyini bilmirdi. İndi bircə şey bilirdi – tək qalmaq istəyirdi.

Metroya tərəf getdi, 26 Bakı komissarı stansiya­sında düşüb dəniz kənarına üz tutdu.

… Dənizin ləpələri həyatdan bezmiş kimi, özünü sahilə çırparaq uğum-uğum uğuldayır, sanki intihar etmək istəyirdi …

 Aprel-may 2020-ci il

Buzovna

“Kredo” qəzeti,  № 43 (1023), 26 noyabr 2020-ci il