Oğuzda Xalxal şəlaləsinə giriş niyə pulludur? –Təbiətə baxmaq üçün ödəniş qanunidirmi?

Azərbaycanın ən məşhur təbiət guşələrindən biri hesab edilən Oğuz rayonundakı Xalxal şəlaləsinə giriş üçün vətəndaşlardan ödəniş alınması yenidən müzakirələrə səbəb olub.

Azpost.info xəbər verir ki, tanınmış jurnalist Rəsul Mirhəşimli sosial şəbəkədə paylaşdığı qeyddə Oğuza son səfəri zamanı Xalxal şəlaləsinə gedərkən girişdə turniket və adambaşına 2 manat ödəniş tətbiq olunduğunu bildirib.

Onun sözlərinə görə, bir ailənin şəlaləni ziyarət etməsi üçün 8-10 manat ödəməsi tələb olunur. Jurnalist qeyd edir ki, bu məsələ ilə bağlı media dəfələrlə yazsa da, indiyədək problem həllini tapmayıb.

Mirhəşimli vurğulayır ki, sahibkarın yaratdığı istirahət mərkəzi, attraksion və ya digər xidmətlər üçün ödəniş alınması başadüşüləndir. Lakin min illərdir mövcud olan təbii abidəyə – şəlaləyə, meşəyə və ya çaya giriş üçün pul tələb edilməsi həm hüquqi, həm də mənəvi baxımdan ciddi suallar doğurur.

O xatırladır ki, Azərbaycan Konstitusiyasına əsasən təbii sərvətlər xalqın sərvətidir və dövlət onların qorunmasını təmin etməlidir. Bu baxımdan hər hansı kommersiya subyektinin təbii obyektə yeganə giriş yolunu nəzarətə götürərək vətəndaşlardan ödəniş almasının hüquqi əsasları ictimai müzakirə mövzusu olmalıdır.

Jurnalistin fikrincə, əgər ərazi qanuni şəkildə sahibkara istifadəyə verilibsə, o, göstərdiyi əlavə xidmətlərə görə ödəniş tələb edə bilər. Ancaq ümumi istifadədə olan təbiət obyektinə çıxışın məhdudlaşdırılması vətəndaş hüquqlarının pozulması ilə bağlı suallar yaradır.

Müəllif daha bir vacib məqama diqqət çəkir: vətəndaşlar vergiləri hesabına qorunan təbiətə baxmaq üçün yenidən pul ödəməli olurlar. Bu yanaşma gələcəkdə meşələrə, dağlara və digər təbii ərazilərə girişin də ödənişli olması ilə nəticələnə bilər.

Rəsul Mirhəşimli hesab edir ki, bu məsələyə rəsmi aydınlıq gətirilməlidir. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyini Xalxal şəlaləsinə giriş haqqının hansı hüquqi əsaslarla tətbiq olunduğunu və toplanan vəsaitin hansı məqsədlərlə istifadə edildiyini ictimaiyyətə açıqlamağa çağırıb.

Məsələ təkcə bir şəlalədən ibarət deyil. Burada əsas sual budur: təbiət kommersiya obyektidirmi, yoxsa xalqın ümumi sərvəti? Bu sualın cavabı həm hüquqi, həm də ictimai baxımdan geniş müzakirə tələb edir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.