Ölkənin qeyri neft sektoruna qoyulan sərmayə 38,8 faiz azalıb –

Dövlət Statistika Komitəsi
12 Fevral 2021 - 09:15

2021-ci ilin yanvar ayında Azərbaycana 724 milyon manat, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,5 faiz az sərmayə qoyulub.

Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektoruna investisiyalar 15,1 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsait 38,8 faiz azalıb.

Qeyd olunur ki, vəsaitin 80,5 faizi məhsul istehsalı sahələrinə, 11,2 faizi xidmət sahələrinə, 8,3 faizi yaşayış evlərinin tikintisinə sərf edilib.

Rəsmi açıqlamaya əsasən, sərmayənin 52,1 faizi daxili vəsaitlərdir.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 71,7 faiz, bank kreditləri 16,3 faiz, əhalinin şəxsi vəsaitləri 8,5 faiz, büdcə vəsaitləri 2,7 faiz, sair vəsaitlər isə 0,8 faiz göstərilir.