Ölkəyə gələn hər 100 dolların 25 dolları SOCAR-ın payına düşür

Bu ilin birinci yarısında qeyri-neft sektoru üzrə ən çox ixrac həyata keçirmiş dövlətə məxsus olan 10 müəssisədən 3-ü SOCAR-a məxsusdur.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.  Siyahıda, həmçinin  “SOCAR Polymer” MMC və  SOCAR-ın Geofizika və Geologiya İdarəsi də var.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin yanvar-iyun aylarında qeyri-neft məhsulları ixracının dəyəri 287,9 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 169,6 milyon dollar və ya 2,4 dəfə çoxdur. Bu dövrdə ümumi qeyri-neft ixracı 295,4 milyon dollar artıb ki, bunun da 57,4 faizi  SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin payına düşüb.

Eyni dövrdə “SOCAR Polymer” MMC-nin ixracı 81,1 milyon dollar (15,3 milyon dollar və ya 15,9 faiz azalma) olub. SOCAR-ın Geofizika və Geologiya İdarəsinin ixracı isə 800 min dollar təşkil edib və müəssisənin ötən ilin bu dövründə belə əməliyyatı qeydə alınmayıb.

SOCAR-a məxsus bu 3 müəssisənin ixracı cari ilin birinci yarısında 369,8 milyon ABŞ dolları olub ki, bu da ötən illə müqayisədə 72,2 faiz çox olmaqla ümumi qeyri-neft ixracının 25,4 faizi deməkdir. Başqa sözlə, qeyri-neft ixracı üzrə cari ilin birinci yarısında ölkəyə daxil olan hər 100 dolların 25,4 dolları SOCAR-a aid olub.

Bu həm də onu göstərir ki, bu ilin birinci yarısında SOCAR-ın qeyri-neft ixracında payı illik müqayisədə  6,9 faiz bənd artıb. Ötən ilin birinci yarısında qeyri-neft ixracının 18,5 faizi və ya 214,7 milyon dollar SOCAR-ın 2 müəssisəsinin (SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi və “SOCAR Polymer” MMC ) payına düşmüşdü.

Hesabat dövründə SOCAR-ın Karbamid zavodunun istehsalı olan karbamid ixracının dəyəri 12,9 dəfə, fiziki çəkisi isə 4,35 dəfə artıb. Bu göstəricilərə görə karbamid qeyri-neft məhsulları arasında ən çox ixrac dəyəri olan 3 məhsuldan biri olub.

Bu dövrdə plastmassa və ondan hazırlanan məhsulların ixracının dəyəri 170 milyon 312 min dollar (1 milyon 619 min dollar və ya 0,94 faiz azalma), kimya sənayesi məhsullarının ixracının dəyəri isə 188 milyon 458 min dollar  təşkil edib. Kimya sənayesi məhsullarının ixracının dəyəri 5,3 dəfə, fiziki çəkisi 3,4 dəfə artıb. Nəticədə kimya sənayesi məhsullarının qeyri-neft ixracında payı ötən ilin birinci yarısındakı 3,08 faizdən bu ilin eyni dövründə 12,93 faizə yüksəlib.

Əvvəlki məqalə

Ermənistan Kəlbəcərdə itkin düşmüş hərbçimizi Azərbaycana təhvil verib

Sonrakı məqalə

Baydenin COVID testi yenə müsbət çıxdı –