Ölkədə narkomaniya problemi –"Məhkumların 50 faizi narkotikə görə cəza çəkir"

Son günlər sosial şəbəkələrdəki müzakirələrdə Azərbaycanda narkomaniyanın artdığı deyilir.

Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü Fazil Mustafa deyir ki, son tendensiya qadınların da narkomaniya ilə məşğul olmasıdır: “Bugün həbsxanalarda cəza çəkən insanların hardasa 50 faizindən yuxarısı narkotik məsələsinə görə cəza çəkirlər. Son vaxtlar qadınların kuryer kimi, bədənlərinin müxtəlif hissələrində narkotik keçirməyə cəhdlərə görə həbs olunması bunun daha geniş miqyasda təhlükə yaratdığını göstərir”.

Amma Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev AzadlıqRadiosuna deyir ki, bu sahədə cinayətkarlığın artması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil:

“Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sosial şəbəkələrdə informasiyaların çox olması narkotik vasitələrin Azərbaycanda dövriyyəsinin artması kimi görünür. Ancaq bu, ayrı-ayrı cinayətkar qrupların Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərindən narahat olmasına görə yaydıqları dezinformasiyalardır. Bu dezinformasiyaların heç birinin hüquqi, həqiqi əsası yoxdur”.

Elşad Hacıyev vurğulayır ki, Daxili İşlər Nazirliyi narkotik cinayətlərinin üstünü uğurla açır.

Vəkil Aslan İsmayılov isə deyir ki, narkomaniyanın qarşısını almaq üçün anonimlik təmin olunmalıdır.

“Xüsusi bir qaynar xətt açılmalıdır. Anonimliyə təminat verilməlidir ki, vətəndaşlar müraciət etsinlər. Hamı gözəl bilir ki, küçədə, həyətdə narkotiki kim satır”.

Aslan İsmayılov bildirir ki, yalnız dövlət qurumları yox, vətəndaş cəmiyyəti də narkomaniyanın qarşısını almaq üçün səfərbər olmalıdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, narkomaniya üzrə həbslər artır. 2018-ci ildə təqribən 2400 nəfər narkotik vasitələrin qanunsuz dövriyəsinə görə məhkum olunmuşdusa, 2019-cu ildə bu rəqəm təqribən min nəfər artaraq 3200 nəfərə yüksəlib.(Azadlıq radiosu)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Birdəfəlik plastik məmulatlardan istifadə bu gündən qadağan edilir –

Sonrakı məqalə

ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld vəfat edib –