Ölkəmizdə dərman zavodlarının perspektivi nə vəd edir?

Azərbaycanda əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır. Azərbaycan 10 milyona yaxın istehlakçısı olan, daxili tələbatı ilbəil artan və dinamik inkişaf edən dərman vasitələri bazarına malikdir. Ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir. Bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir.

Əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə Pirallahı Sənaye Parkı yaradılıb. Ümumi ərazisi 30 hektar olan Pirallahı Sənaye Parkında hazırda 4 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib.

Ötən ilin avqustunda “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və “Diamed Development Group” MMC arasında İnfuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb.

Layihə çərçivəsində əsasən natrium xlorid (0,9%), ringer laktat və qlükoza (5%) məhsullarının istehsalı nəzərdə tutulur. Layihənin iqtisadi cəhətdən səmərəli və rentabelli olması, eləcə də idxaldan asılılığın azaldılması və yerli istehsala dəstəyi nəzərə alınmaqla AİŞ tərəfindən zavodun tikintisinin maliyyələşdirilməsinə dəstək göstərilməsi qərara alınıb.

Ümumi dəyəri 13,7 mln. manat olan, Pirallahı rayonunda yerləşəcək, illik istehsal gücü 20 mln. ədəd məhsul olan müəssisədə 100 nəfərədək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Zavodda əsasən “Natrium xlorid 0,9%”, “Ringer laktat” və “Qlükoza 5%” məhsulların istehsalı nəzərdə tutulur. Bu məhlullar insan orqanizmində su-elektrolit balansını tamamlanması və qorunması və optimal metabolizmin təmin olunması üçün parenteral terapiya üçün istifadə olunur.

Bu dərmanlar hazırda ölkəmizə Rusiya, Ukrayna, Belarus və Serbiyadan idxal edilir. Pirallahı Sənaye Parkında hazırda 4 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib ki, bunlardan da 2-si artıq fəaliyyət göstərir.  Onlardan “R-Pharm” MMC tərəfindən şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan “Diabeton MR” (qliklazid) preparatının istehsalına başlanılıb. Gələcəkdə müəssisədə onkoloji, HİV/QİÇS-in, qan və sinir sistemi, ürək-damar sistemi və sair xəstəliklərinin müalicəsinə yönəlmiş dərman preparatlarının istehsalı planlaşdırılır.

Pirallahı Sənaye Parkında fəaliyyət göstərən digər müəssisə isə  “Parla Pharmaceuticals”dır. İlkin mərhələdə burada 100-dək adda dərman vasitəsinin istehsal ediləcəyi bildirilsə də hazırda müəssisənin veb saytında 3 adda məhsulun istehsal olunduğu qeyd edilib.

Ekspertlər hesab edir ki, Azərbaycanın öz dərman zavodunun olması ölkənin bu sahə üzrə tanınmasına səbəb olacaq. Bununla yanaşı, Azərbaycanda dərman istehsal olunması yerli tələbatı təmin etməklə yanaşı, dərmanlar ixrac da edilə bilər.

İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, dərman sənayesi iqtisadiyyata ən çox gəlir gətirən sahələrdən biridir.

İqtisadçının sözlərinə görə, Azərbaycanda yerli dərman preparatlarının istehsal olunması təqdirəlayiq haldır: “Nəzərə almaq lazımdır ki, Sovet dönəmində də ölkədə dərman istehsal olunurdu. O zamanlar yaşanan tənəzzül nəticəsində dərman sektoru da fəaliyyətini dayandırdı. İndi isə həm köhnə ənənə bərpa olunar, həm də yeni, müasir dövrün tələblərinə cavab verən dərmanlar istehsal olunar”.

Ekspertin fikrincə, dərman təminatının davamlı, keyfiyyətli, əlçatan olması vacib şərtdir. Ona görə də bir çox ölkələr öz əhalisi üçün dərman istehsal edirlər. “Ölkəmizdə dərman istehsal olunsa, külli miqdarda vəsaitin xaricə axmasının qarşısı alınar. Həm də ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar istehsal olunacaq və onu xarici bazarlara ixrac etmək mümkündür. Dərman istehsalı, həmçinin, yeni iş yerlərinin açılması deməkdir”.

Deputat Cavanşir Feyziyevin sözlərinə görə, orijinal dərman preparatlarının istehsalından danışmaq olmaz. Çox azsaylı ölkələrdə orijinal dərman preparatlarının istehsalı mövcuddur. Bu, ilk növbədə fundamental əczaçılıq elminin, onun ənənələrinin mövcud olduğu ABŞ, Yaponiya və bir neçə Qərbi Avropa ölkələridir. Bu ölkələrdə əczaçılıq sahəsində uzun illər ərzində elmi tədqiqatlar aparılır, müxtəlif təyinatlı dərman preparatlarının kimyəvi-bioloji formulası icad olunur, bir neçə mərhələdən ibarət sınaqlardan keçirilir və daha sonra onun istehsalına qərar verilir. Həmin institutların müəlliflik hüququnu qoruyan patent müddəti ərzində həmin tərkibli dərman preparatı yalnız patent sahibinin icazə verdiyi istehsal müəssisəsində istehsal oluna bilər.

Adətən, bütün patent dövründə həmin dərman preparatı ən baha qiymətə satılır və onun tapılması üçün onilliklər ərzində çəkilən tədqiqat xərcləri geri qaytarılır. Bu müddət başa çatdıqdan sonra preparatın kimyəvi tərkibi bütün istehsalçılar üçün açıq elan olunur və o tərkibli dərman preparatı bu fəaliyyət üçün müvafiq icazəsi olan istənilən istehsalçı tərəfindən istehsal oluna bilər.

Bu şəkildə istehsal olunan dərmanlar generik dərman preparatları adlanır və ölkəmizdə tikilən zavodlarda da generik dərman preparatları istehsal olunacaq. Məsələn, keçmiş sovetlər ərazisində orijinal dərman preparatı istehsal edən müəssisə olmayıb və bu gün də yoxdur.

Deputat deyib ki, yeni yaradılan sənaye zonalarında fəaliyyət göstərəcək istehsal müəssisələri ilk 7 il müddətinə bütün vergilərdən azaddır. Digər tərəfdən, məhsulların Bakıda istehsalı onun nəqliyyat və logistika xərclərini minimuma endirir. Ona görə yerli müəssisələrdə istehsal olunan istənilən əmtəə növü, o cümlədən dərman preparatları idxal olunan qiymətlərdən kifayət qədər aşağı ola bilər.

C.Feyziyev bildirib ki, hazırda ölkəmizin əczaçılıq bazarında olan dərman preparatlarının sayı 10 mindən bir qədər artıqdır və bunların demək olar ki, hamısı idxal olunur. Bununla belə, mütəxəssislər tərəfindən yaxşı tanınan və ən çox istifadə olunan dərmanların sayı təxminən 500-dür.

Bu baxımdan, ilk növbədə, istehsal ediləcək məhsullar üzrə idxaldan asılılığın aradan qalxmasına nail olunacaq ki, bu da müxtəlif səbəblərdən vaxtaşırı olaraq əczaçılıq bazarında hiss olunan qıtlıq problemini həll edəcək.

“Həmin zavodların ölkəmiz üçün faydalı olacağı təkcə bununla bitmir. Bu həm də yeni iş yerlərinin yaranması, ölkə daxilində mümkün xammal ehtiyatlarının istehsala cəlb olunması ilə yeni xammal istehsalı sahələrinin yaranmasını stimullaşdıra bilər.

Mütəxəssislər hesb edir ki, Azərbaycanda dərman hazırlayan müəssisələrin yaradılması üçün hər cür şərait var. Onların fikrincə, əczaçılıq müəssisələrinin yaradılması dərmanların qiymətinin xeyli azalmasına səbəb ola bilər. Azərbaycanda belə müəssisələrin uğurla yaradılması və fəaliyyəti üçün ölkəmizdə hər cür zəmin var. Azərbaycanda dərman preparatlarının istehsalı üçün bitkilər, mineral və təbii resurslar var. 2008-ci ildə biyan kökündən hazırlanan məhsulları buraxan zavodun tikintisi bu baxımdan müsbət nümunə kimi göstərilə bilər.

Azərbaycanda müasir əczaçılıq sənayesinin əsas tərkib hissəsi olan kimyanın müxtəlif sahələri üzrə təhsil və elmi-tədqiqat institutları şəbəkəsi mövcuddur. Kimya sənayesinin milli iqtisadiyyatın tərkib hissəsi olduğunu nəzərə alsaq, bu, mühüm faktorlardan biri kimi qiymətləndirmək olar.

Deputat Musa Quliyevin fikrincə, Azərbaycanda dərman istehsalına başlanması dərmanların qiymətinin aşağı düşməsinə səbəb olacaq. Eyni zamanda, yaranacaq rəqabətdə ölkəyə dərman idxal edən şirkətlər eyni tərkibli daha keyfiyyətli və ucuz dərmanları gətirməkdə maraqlı olacaqlar. Deputat həmçinin deyib ki, Azərbaycanda çox zəngin təbii dərman bitkiləri var: “Ölkədə dərman istehsalı zavodunun olması bu dərman bitkilərinin xammal kimi istifadəsinə şərait yaradacaq. Həm də kənd əhalisinin məşğulluğu artacaq. Dərman bitkilərinin qış aylarında istixana şəraitində böyüdülməsinə maraq yaranacaq ki, bu da kənd təsərrüfatının inkişafına təkan verəcək”.

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının İdarə Heyətinin sədri Vüqar Məhərrəmovun fikrincə, dərman sənayesinin inkişafı ilk növbədə yeni iş yerlərinin yaranması deməkdir. Ölkədə keyfiyyətli dərman istehsalı və ixracı üçün hər cür şəraitin olduğunu deyən V.Məhərrəmov peşəkar kadr məsələsini vacib sayır. Onun sözlərinə görə, aavadlı, peşəkar kadrlarımız, əczaçılarımız olsa da onların təkmilləşməyə ehtiyacı var. Azərbaycan Dövlət Tibb Universitetindən hər il 60-ya yaxın əczaçı məzun olur. Əczaçılıq sahəsi də digər sahələr kimi ilbəil inkişaf edir. Hər il yeni avadanlıqlar, yeni texnologiyalar çıxır ki, bunlar araşdırılmalıdır. Peşəkar kadrlarımız var, lakin, düşünürəm ki, mütəxəssislərimiz mütləq qaydada Avropada, Amerikada bu sahədə çalışan peşəkarlarla birgə xüsusi təlimlərdə iştirak edib, onların təcrübələrindən faydalansalar perspektivlər daha da artar”.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il Azərbaycanda 32 min 471 nəfər qan dövranı sisteminin xəstəliklərindən (ürək-damar xəstəlikləri), 2 min 687 nəfər həzm sistemi xəstəliklərindən, 2 min 783 nəfər ağciyər vərəmindən ölüb.

Ölkə olaraq öz brendimizə məxsus dərman istehsalına başlamağın vaxtıdır.  Ekspertlər hesab edir ki, Azərbaycanda dərman istehsalının bir çox üstünlükləri var. Müvafiq standartlara uyğun şəkildə istehsal olunacaq dərmanlar əhalinin istənilən təbəqəsi üçün əlçatan olacaq, kifayət qədər ehtiyat dərman bazası yaranacaq, eyni zamanda dərmanların “Made in Azərbaycan” brendi altında digər ölkələrə ixracı mümkün olacaq.

G.Hüseynova

Yazı MEDİA-nın dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb

 

Əvvəlki məqalə

Yaponiya Baş naziri bu açıqlamaya görə köməkçisini işdən qovdu

Sonrakı məqalə

Dörd müxalifət partiyası çayxanada bir araya gəldi, yeni qanunu müzakirə etdi