Rusiya səfiri Özbəkistanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Azpost.info UzNews.uz portalına istinadən bildirir ki, səfirə Özbəkisyanın Rusiyaya birləşdirilməsi ilə bağlı səslənən məlumatlara görə etiraz edilib.
Qeyd edək ki, rus yazıçısı Zaxar Prilepin keçmiş SSRİ ərazilərinin Rusiyaya birləşdirilməsini və onların sakinlərinə rus dilinin öyrədilməsini təklif edib. O, bu açıqlamasında xüsusilə Özbəkistanı misal çəkib.
Bununla bağlı Rusiyanın səfiri Oleq Malqinov Özbəkistan Xarici İşlər Nazirliyinə dəvət olunub.
Görüş zamanı Rusiya nümayəndəsinə Özbəkistanın bəyanatdan dərin narahatlıq hissi keçirməsi barədə məlumat verilib.
Özbəkistan Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiya kimi dost ölkədə partiya liderlərinin bu cür tələsik bəyanatları Özbəkistan ilə Moskva arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik ruhuna uyğun gəlmir.
“Rusiya KİV-lərində geniş yayılan bu cür bəyanatlar məqsədyönlü şəkildə təxribat xarakterlidir və xalqlarımız arasında yaranmış tarixən dostluq münasibətlərinə mənfi təsir göstərə bilər”, – deyə məlumatda bildirilir.
Öz növbəsində Oleq Malginov deyib ki, Zaxar Prilepinin bəyanatlarının dost və müstəqil Özbəkistanla bağlı Rusiya rəhbərliyinin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur.
Səfir həmçinin vurğulayıb ki, “ölkəsində Özbəkistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü heç vaxt şübhə altına alınmayıb”.
Oleq Malginov onu da qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi yaxın vaxtlarda bu insidentə münasibət bildirməyi planlaşdırır.
Azpost.info