Pakistanlı nazir Azərbaycana təşəkkür etdi-

Kəşmirə dəstəyə görə
05 Sentyabr 2019 - 17:14

“Artıq 30 gündür Cəmmu və Kəşmirdə komendant saatı tətbiq olunub, regionun ətrafla əlaqəsi kəsilib”. 

Bunu Azərbaycanda səfərdə olan Pakistanın Xeybər Paxtunxva əyalətinin İnformasiya siyasəti üzrə naziri Şövkət Əli Yusufzai deyib. Məsələnin beynəlxalq səviyyədə ictimailəşdiyini bildirən nazir deyib ki, Cəmmu və Kəşmirdəki vəziyyətlə bağlı xarici dövlət başçıları daima məlumatlandırılır. 

Onun sözlərinə görə, təxminən 50 ildən sonra Kəşmir məsələsi yenidən BMT Təhlükəsizlik Şurasında müzakirə olunub. 

Pakistanlı nazir xatırladıb ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Kəşmir münaqişəsi ilə bağlı komissiyanın üzvüdür və onlar bu məsələdə Azərbaycanın dəstəyini yüksək qiymətləndirirlər. 

“Pakistanın hərbi qüvvələri kifayət qədər güclüdür, döyüşə qadirdir,  lakin biz sülh istəyirik. Pakistan bu məsələdə diplomatik və mənəvi cəbhədə uğur qazanıb”, – Şövkət Əli Yusufzai vurğulayıb. 

Əyalət parlamentinin spikeri Muştaq Əhməd Qəni isə bildirib ki Kəşmir məsələsində məsuliyyət həm də BMT-nin üzərinə düşür: “Hindistan BMT-nin tələblərinə əməl etməyib. Əgər bir ölkə qurumun qətnamə və prinsiplərinə tabe olmursa, bu zaman o qurumdan xaric olunmalıdır. Kəşmir artıq bir aydır ki, həbsxanaya bənzəyir. İnsanlar evlərinə həbs ediliblər. Bölgədə ərzaq, dərman çatışmazlığı var. Biz istəmirik ki, Kəşmir Pakistana birləşsin. Bizim tələbimiz odur ki, Hindistan BMT-nin qətnamələrinə əməl etsin və kəşmirlilərin səsvermə hüququnu təmin etsin”. 

Qeyd edək ki, avqustun 5-də Hindistan Cəmmu və Kəşmir ştatına xüsusi statusu təmin edən konstitusiyanın 370-ci maddəsinin ləğv edib. Xüsusi statusa əsasən, Cəmmu və Kəşmirin muxtariyyəti, öz bayrağı və digər imtiyazları var. Hindistanlılar orada torpaq almaq hüququna malik deyildi. Rəsmi İslamabad Hindistanın bu qərarını qəti şəkildə pisləyib.