Pandemiyaya görə işçilərə ayrılmış 7 milyon manat maaş ödənilməyib

27 Noyabr 2021 - 12:24

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən auditin gedişatında (2021-ci ilin 15 fevral – 10 mart tarixinədək olan müddət ərzində) kameral vergi yoxlamaları ilə 7723202,3 manat məbləğində sosial sığorta haqları hesabatlara bərpa olunub.

Bu, Hesablama Palatasının”Pandemiya ilə mübarizə çərçivəsində dövlət büdcəsindən vergi ödəyicilərinə maliyyə dəstəyinin göstərilməsi vəziyyəti üzrə aparılan uyğunluq auditinin nəticələri haqqında auditor hesabatında yer alıb.

Hesabatda bildirilib ki, eyni zamanda DVX tərəfindən yanacaq satışı ilə məşğul olan 7 vergi ödəyicisinə maliyyə dəstəyi adı ilə köçürülmüş 10000,0 manat məbləğində vəsaitin 2021-ci ilin aprel ayında dövlət büdcəsinə geri qaytarılması təmin edilib.

Hesablama Palatası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə “Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi” bəndi üzrə ehtiyacların faktiki qarşılanması vəziyyətinin cari audit prosesində seçmə qaydada araşdırılması ilə müəyyən olunmuş 50 vergi ödəyicisi tərəfindən 7484 muzdlu işçi üzrə alınmış və əməkhaqqı xərclərinə ödənilməmiş 7367798,8 manat məbləğində maliyyə dəstəyinin müvafiq olaraq bərpa olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etməyi tövsiyə edib. (APA)