Azərbaycanda 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək bəzi siyasi partiyalar məlum olub.
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak üçün bir sıra siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətə baxılıb.
İclasda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) səlahiyyətli nümayəndələri qeydə alınıb.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. (APA)