ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan tərəfindən rəsmi dəvət alıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq ATƏT/DTİHB-dən bildirilib.
“Hər zaman olduğu kimi, bənzər dəvətlərdən sonrakı prosedura uğun olaraq, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkiqabağı mühiti və qarşıdakı seçkilərə hazırlıq prosesini qiymətləndirmək üçün özünün Ehtiyacların Qiymətləndirilməsi Missiyasını Azərbaycana göndərməyi planlaşdırır və bundan sonra potensial seçki müşahidə missiyasına müvafiq tövsiyə verəcək”, – deyə ATƏT/DTİHB-dən qeyd olunub.
ATƏT Parlament Assambleyasından (PA) da APA-ya bildirilib ki, Azərbaycan tərəfindən artıq növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün rəsmi dəvət daxil olub. Lakin müşahidə missiyasının göndərilməsi barədə hələlik rəsmi qərarın olmadığı qeyd olunub.