“PAŞA Bank”ın sədri Mərkəzi Bankın İdarə Heyətinin üzvü olacaq

Milli Məclisdə Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatı müzakirə ediləcək.

Məsələyə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında baxılıb.

Təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi məsələni Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib. (APA)

Azpost.info bildirir ki, Taleh Kazımov “PAŞA Bank” ASC-nin İdarə heyətinin sədri, baş icraçı direktorudur.

O, 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi” fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsinə yiyələnib. Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını müvəffəqiyyətlə bitirib.

Ailəlidir, iki övladı var.

Taleh Kazımov əmək fəaliyyətinə təhsil aldığı dövrdə başlamış, “ATTAS PR”, “European Tobacco” şirkətlərində ofis köməkçisi və informasiya texnologiyaları üzrə operator kimi işləyib.

Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-2006-cı illərdə “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

 

2006-cı ildən 2007-ci ilədək “Ernst & Young” şirkətində auditor vəzifəsini tutub. 2007-ci ilin yanvar ayından aprel ayınadək “Fineko Analitika və İnformasiya Agentliyi” ASC-nin baş direktoru vəzifəsində çalışıb.

 

Taleh Kazımovun “PAŞA Bank”da fəaliyyəti 2007-ci ilin iyul ayından başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.

 

Taleh Kazımov 7 dekabr 2011-ci ildən “PAŞA Bank”ın İdarə heyətinin üzvü seçilmiş, korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələrini kurasiya edib.

1 iyul 2015-ci il tarixində Taleh Kazımov “PAŞA Bank”ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.

Əvvəlki məqalə

Xorvatiya Rusiyanın 18 diplomatını ölkədən çıxarır

Sonrakı məqalə

Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçildi