Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini niyə tənqid edib? –EKSPERT ŞƏRHİ

“Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin mətnini dəyişdirmək istəyir”.
Azpost.info bildirir ki, bu sözləri politoloq Şahin Cəfərli Baş nazirin bu günkü müraciətini şərh edərkən bildirib.
Ekspertin fikrincə, Paşinyan  Bəyannamənin 33 illiyi ilə əlaqədar bu gün xalqa müraciətində çox vacib cümlələr var:
“Paşinyan sənədi tənqid edərək bildirir ki, Bəyannamədə Ermənistanı Sovet İttifaqının tərkib hisəssinə çevirmiş diskurs və kontent seçilib: söhbət regional mühitlə konfrontasiya diskursundan gedir ki, bu, qonşularla (Türkiyə və Azərbaycan) daimi konfliktin yaranmasına səbəb olub”.
Ş.Cəfərli Bəyannamənin bəzi məqamlarına toxunub.
“Paşinyan Bəyannamədə Azərbaycana və Türkiyəyə qarşı iddiaları nəzərdə tutur. Bəyannamənin giriş hissəsində belə bir cümlə var:
“… Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağın Mili Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” birgə qərarına əsaslanaraq…”
11-ci maddədə isə yazılıb:
“Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda ermənilərin soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”.
Bu iki məqam Azərbaycanla sülh müqaviləsi imzalanması və Türkiyə ilə hərtərəfli əlaqələrin qurulması önündə ciddi əngəldir. Ona görə də Paşinyan yaxın həftələrdə Bəyannamədən həmin məqamların çıxarılması təşəbbüsü ilə çıxış edə bilər. 1989-cu il tarixli qərar da yəqin ki, ləğv olunacaq”.
Siyasi icmalçı deyib ki, Paşinyan sonda çox doğru olaraq qeyd edir ki, Ermənistanın müstəqilliyi yalnız sülh şəraitində mümkündür. “Müraciət “nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu bizim və bölgəmizin səmasında dolaşmağa davam edəcək. Mən müstəqilliyi, suverenliyi və demokratiyanı seçirəm”, – cümlələri ilə bitir. Bu cümlələrdə Moskvadan uzaqlaşmaq istiqamətindəki strateji düşüncəni sezmək də çətin deyil.
Açıqlama bir daha göstərir ki, Paşinyan xarici qüvvələrin təzyiqi, yaxud məsləhəti ilə bəzən destruktiv addımlar atsa da, ümumilikdə həm mövcud reallıqları, həm də erməniləri öz yanlış seçimləri ucbatından fəlakətlərə düçar etmiş tarixi konteksti yaxşı anlayır”.
Azpost.info
Əvvəlki məqalə

“İndi heç olmasa oğlumun məzarı var”

Sonrakı məqalə

Prezident İlham Əliyev və Şavkat Mirziyoyev Şuşaya gedib