“Patriarx Kirillə Xankəndinə Moskvadan yeni bir şəxsin gəlməsinin təəssüf doğurduğunu söylədim” –ŞEYXÜLİSLAM / MÜSAHİBƏ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə dekabrın 6-9-da Rusiya Federasiyasında səfərdə olub. Səfər çərçivəsində QMİ sədri Rusiya Pravoslav Kilsəsinin rəhbəri, Rusiya Patriarxı Kirillə görüşüb, Moskvada keçirilən XVIII Beynəlxalq Müsəlman Forumunda çıxış edib.

 

Səfərin yekunları ilə bağlı Allahşükür Paşazadə azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

 

– Şeyx həzrətləri, Rusiya paytaxtına səfəriniz çərçivəsində növbəti dəfə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşdünüz. Budəfəki görüşünüzdə hansı məsələlər müzakirə olundu?

 

– Moskvaya səfərim çərçivəsində Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüm oldu. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra təxminən 30 il ərzində biz mütəmadi görüşlər keçirmişik. Biz əsirlərin mübadiləsində, erməni tərəfinə meyitlərin verilməsi, bizim şəhidlərin meyitlərinin alınmasında müraciətlər etmişik. Rus Pravoslav Kilsəsi bu istiqamətdə addımlar atıb. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sonuncu Soçi görüşündə üç ölkənin dini liderlərinin görüşü barədə qərar qəbul etmişdilər. Biz bu məsələni də müzakirə etdik. Görüşün təşkili, formatı, məzmunu, sülh müqaviləsinin imzalanması işinə dini liderlərin töhfəsi barədə danışdıq.

Bir saatdan artıq davam edən söhbətimizdə biz erməni kilsəsinin bəzi bəyanatlarını şərh etdik. Mən Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi, 2020-ci ilin noyabrından sonra torpaqlarımıza terror üçün gəlmiş hərbçilərin hərbi əsir olmadıqlarını Patriarx Kirillin diqqətinə çatdırdım. Bir adam insan ölümü üçün qəsd edərək bu torpağa gəlibsə, deməli o, cəzasını çəkməlidir.

Bundan başqa, erməni tərəfinin kilsələrin mənşəyinin dəyişdirilməsi barədə iddiaları da müzakirə olundu. Biz Patriarx Kirillin diqqətinə çatdırdıq ki, erməni tərəfinin dedikləri yalandır və azad olunmuş ərazilərdə məscidlər də, kilsələr də bərpa olunur. Dövlət başçımız heç bir fərq qoymadan, mədəni irsə eyni yanaşma sərgiləyir. Bu mədəni irsin hamısı Azərbaycan torpaqlarındadır.

Ermənilərin bizim məscidlərə münasibəti, vandalizim faktları, məscidlərimizdə donuz saxlamaları, Rus Pravoslav Kilsəsinin dağıdılması faktlarını da patriarx Kirillin diqqətinə çatdırdım və o, bu məsələyə, əlbəttə, mənfi münasibətini bildirdi. Mən Kirill həzrətlərinə dedim ki, Ağdam tamamilə dağıdılıb, hətta ermənilər rus pravoslav kilsəsinin mənşəyini dəyişiblər. Orada alban-udi kilsələri var, onlar vaxtilə ermənilər tərəfindən zəbt olunub və indi həmin kilsələr də öz sahiblərinə qaytarılmalıdır, həmin kilsələr də təmir olunur.

Patriarx Kirillə söhbətimdə Xankəndiyə Moskvadan yeni bir şəxsin gəlməsi, orada xalqı revanşizmə çağırması və erməni kilsəsinin rəhbərinin də bunu dəstəkləməsinin təəssüf doğurduğunu qeyd etdim. Erməni kilsəsinin rəhbərinin Xankəndiyə getməsini, oradakı hərbçiləri revanşizmə çağırması, “bizim mübarizəmiz bitməyib, hələ də davam edəcək” deməsinin düzgün addım olmadığını söylədim. Biz istərdik ki, erməni kilsəsi sülhə çağırış etsin. Biz başda Qaragin olmaqla, erməni kilsəsini sülh məsələlərində bir olmağa, dövlət rəhbərlərimizin qəbul etdikləri qərarlara, sülh sazişlərinə, dövlətlərin dünya ictimaiyyəti, BMT tərəfindən tanınmış sərhədlərə, ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırırıq.

Qeyd edim ki, Patriarx Kirillin Azərbaycana, dövlətimizin başçısına olan böyük ehtiramı var. Mən Prezidentimizin salam-dualarını ona çatdırdım. O da xahiş etdi ki, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onun salamlarını çatdırım.

Qərara gəldik ki, gələcəkdə birgə işimizi davam etdirəcək. Ermənistan-Azərbaycan münaqişəsinin dini məcraya yönəlməməsi istiqamətində gördüyü işlərə görə Patriarx Kirillə təşəkkürümüzü bildirdik.

“Erməni kilsəsi dini liderlərin üçtərəfli görüşünə razılıq verməsə, bu, onların revanşist xislətini nümayiş etdirəcək”

 

– Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünün yekunlarına dair qəbul edilmiş Bəyanatda dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqun davam etdirilməsi nəzərdə tutulmuşdu. Dini liderlərin üçtərəfli görüşünün keçirilməsi barədə razılıq əldə olunub?

 

– Belə bir qərar qəbul olunub ki, həm bizim, həm də Rus Pravoslav Kilsəsinin nümayəndələri görüşüb üçtərəfli görüşə hazırlıq məsələlərini müzakirə etsinlər. Patriarx Kirill də Ermənistan tərəfi ilə əlaqə saxlayacaq. Ermənistan tərəfi də öz fikirlərini deyəcək və ümumi rəyə gələcəyimiz təqdirdə bizim görüşümüz baş tutacaq. Bunu, əlbəttə, mən də istəyirəm, patriarx həzrətləri də istəyir. Əgər Ermənistan tərəfi bu görüşə razılıq verməsə, bu, onların revanşist xislətini nümayiş etdirəcək. Biz öz torpaqlarımızı azad etmişik və bu gün onların bizə ehtiyacı var və düşünürəm ki, onlar da razılıq verəcəklər.

– Moskvada keçirilən XVIII Beynəlxalq Müsəlman Forumunda siz Ermənistanda revanşizm ideyalarının səsləndiyini konfrans iştirakçılarının diqqətinə çatdırdınız. Bu cür forumların əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– İkinci Qarabağ müharibəsindən sonra Rusiya artıq 10-cu xarici dövlətdir ki, burada beynəlxalq konfransda iştirak edirik. Məsələn, ilin əvvəlində Müqəddəs Taxt-Tacın dəvəti ilə Vatikanda olduq, Papa Fransisklə görüşdük. Avropa Şurası Baş katibinin müavini Byorn Berqe, G20 ölkələri dini liderlərinin sammitində və digər tədbirlərdə iştirak etdik. Bundan əlavə, biz türkdilli dövlətlərin din liderlərin Şuşada toplantısını keçirdik və bəyanat qəbul etdik. Bu tədbirlərdə Azərbaycanın haqlı mövqeyi, bu gün aparılan siyasət, torpaqlarımızı işğaldan azad etməyimiz, Ermənistanın 30 il işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vandalizm aktları, erməni kilsəsinin apardığı revanşizm siyasəti, o cümlədən Ermənistan tərəfindən ərazilərimizin minalanması iştirakçıların diqqətinə çatdırılıb. O cümlədən, torpaqlarımız işğaldan azad olunandan sonra orada Ermənistan təcavüzündən əziyyət çəkən mədəni irsimizin yenidən dövlətimiz tərəfindən bərpa olunması, bütün dinlərin abidələrinə eyni münasibətin sərgilənməsi dünya ictimaiyyətinə çatdırılıb. Ona görə də, “ədalət və mötədillik – dünya nizamnının ilahi prinsipləri” mövzusunda Beynəlxalq Müsəlman Forumu kimi tədbirin Rusiyada keçirilməsi bu baxımdan vacib əhəmiyyət daşıyır. Bugünkü forumun iştirakçıların dünyada sülhün, sabitliyin və təhlükəsizliyin, xalqların qardaşlıq şəraitində yaşaması kimi vacib meyarları bir daha təsdiq etdilər. Mən bugünkü çıxışımda Ermənistanın, erməni kilsəsinin revanşizm prosesində iştirakından, Azərbaycan dövlətinin işğaldan azad olunmuş Qarabağda dini-mənəvi abidələrimizi bərpa etməsindən, yenidən qurmasından danışdım. Bildirdim ki, qalib Azərbaycan bölgədə sülhə çağırır və iqtisadi layihələrlə çıxış edir, lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən revanşizm təzahürləri səngimir. Ümid edirəm ki, Moskvada keçirilən forum da xalqlar arasında sülhə, barışığa öz töhfəsini verəcək. Belə bir tədbirin təşkilinə görə, Rusiya dövlətinə və dini liderlərə təşəkkürümüzü bildiririk. Türkiyənin diyanət işləri üzrə naziri Əli Erbaş cənablarının da bu forumda iştirakı, çıxışı bizi çox fərəhləndirdi, sevindirdi.

– Patriarx Kirillə görüşlərinizdən birində Moskvada azərbaycanlıların məscid tikməsi üçün torpaq sahəsi ayrılması məsələsini qaldırdığınızı bildirmişdiniz. Hazırda bu məsələ müzakirə olunurmu?

– Mən çox arzu edirəm ki, Moskvada azərbaycanlıların öz məscidi olsun. Bu istiqamətdə də çox çalışdım. Rusiya Prezidentinə, həm Dmitri Medvedevə, daha sonra Vladimir Putinə müraciət elədim. Məscid üçün yer ayrılması ilə bağlı Moskva meri Sergey Sobyaninə də müraciətim olub. Çox istəyirəm ki, Rusiya dövləti bu məsələyə müsbət reaksiya versin. Biz istəyirdik ki, təkcə məscid deyil, ora azərbaycanlıların mədəniyyət mərkəzi kimi fəaliyyət göstərsin, orada bazar günü məktəbi açılsın. Bu məsələlər Patriarx Kirillə görüşlərdə də dəfələrlə qaldırılıb. Patriarx Kirillin bu məsələdə zəhməti çox olub. Lakin hələlik heç bir müsbət cavab almamışıq. Bunun üçün Moskvada yaşayan azərbaycanlıların birliyi olmalıdır. Yəni ki, üç dini icma birləşib məscid üçün müraciət etməlidir. Rusiya qanunvericiliyi bunu tələb edir. Söhbət qeydiyyatdan keçmiş dini icmalardan gedir. Təəssüflər olsun ki, bu birlik yoxdur. Bunun üçün Moskvadakı azərbaycanlıların üç dini icmasının birliyi olmalıdır. Onlar birlikdə məscid üçün yer ayrılması və məscid inşasına icazə verilməsi üçün müraciət edə bilərlər. (APA)

 

Əvvəlki məqalə

Putin Rusiyada inflyasiyanın azaldığını açıqlayıb

Sonrakı məqalə

Prezident yeni alınmış xüsusi təyinatlı avtomobillərə baxıb –