Payız gələndə ağacların yaşıl yarpaqları sarı, narıncı və qırmızı rənglərə çevrilir. İlk baxışdan bu, sadəcə mövsümi dəyişiklik kimi görünür. Əslində isə ağacların yarpaqlarını rəngləndirməsi mürəkkəb bioloji prosesdir.
Yarpaqların yaşıl görünməsinin əsas səbəbi xlorofildir. Bu piqment günəş işığından istifadə edərək fotosintez prosesinə kömək edir və ağacın qida istehsalında mühüm rol oynayır.
Smithsonian İnstitutunun məlumatına görə, payızda günlər qısalır, temperatur aşağı düşür və ağac daha az günəş işığı alır. Nəticədə xlorofil parçalanmağa başlayır və yay boyunca yaşıl rəngin altında gizlənən sarı və narıncı piqmentlər görünür.
Bəs qırmızı rəng haradan gəlir?
Sarı və narıncı rənglər yarpaqda əvvəldən mövcud olan piqmentlərin üzə çıxması ilə bağlıdır. Qırmızı rəng isə fərqli proses nəticəsində yaranır.
Payızda yarpaqlarda müəyyən miqdarda şəkər qala bilər. Bu zaman ağac antosianin adlanan yeni piqmentlər yarada bilər. Məhz bu piqmentlər yarpaqların qırmızı və bənövşəyi çalarlar almasına səbəb olur.
Deməli, ağacın yarpağının qırmızı olması sadəcə xlorofilin yox olması deyil – yarpağın daxilində əlavə kimyəvi proseslərin getməsi deməkdir.
Niyə bütün ağaclar eyni rəngə çevrilmir?
Ağac növündən və hava şəraitindən asılı olaraq payız rəngləri dəyişir. Bəzi ağaclarda sarı, bəzilərində narıncı, digərlərində isə qırmızı rəng üstünlük təşkil edir.
Smithsonian qeyd edir ki, ən parlaq payız rəngləri adətən sərin, günəşli və quru hava şəraitində formalaşır. Buludlu, isti və çox rütubətli hava isə rənglərin intensivliyinə təsir göstərə bilər.
Yarpaq niyə sonda ağacdan düşür?
Bu da ağacın qışa hazırlığının bir hissəsidir.
Gün işığının azalması ilə ağac yarpaqla budaq arasında qoruyucu təbəqə yaratmağa başlayır. Yarpaqdakı bəzi qida maddələri əvvəlcə ağaca geri ötürülür. Daha sonra yarpaq budaqla əlaqəni itirir və yerə düşür.
Əslində ağac yarpağı “sadəcə atmış” olmur. O, qışda soyuqdan və su itkisindən qorunmaq üçün enerji sərfiyyatını azaltmağa çalışır.
Maraqlıdır ki, həmişəyaşıl ağaclarda vəziyyət fərqlidir. İynəyarpaqlı ağacların yarpaqları – iynələri – soyuq şəraitə daha uyğunlaşmış olduğundan bütün yarpaqlarını eyni vaxtda itirmirlər.
Beləliklə, payızda küçədə gördüyümüz sarı və qırmızı yarpaqlar təbiətin sadəcə gözəl görüntüsü deyil. Bu rəng dəyişməsi ağacların günlərin qısalmasına və qışın yaxınlaşmasına verdiyi bioloji cavabdır.