Ev pişiklərinin saatlarla pəncərə qarşısında oturaraq küçəni izləməsinin səbəbi müəyyən edilib.
Azpost.info xəbər verir ki, bu barədə Onet.pl nəşri Journal of Feline Medicine and Surgery jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.
Baytarlıq mütəxəssislərinin yüzlərlə ev pişiyi üzərində apardığı tədqiqat göstərib ki, küçədə baş verənləri izləmək pişiklər üçün ov instinktini qismən əvəz edir. Alimlərin fikrincə, bu davranış vəhşi təbiətdəki ovçuluq ehtiyacının təbii davamıdır və hətta mənzildə yaşayan pişiklər üçün də vacibdir.
Araşdırmada qeyd olunur ki, ağacların xışıltısı, uçan quşlar, yoldan keçən insanlar və avtomobillər pişiklərin duyğu orqanlarını stimullaşdırır, onların təbii izləmə instinktini aktivləşdirir.
Zooloq və pişiklərin davranışı üzrə ekspert Sara Ellis bildirib ki, belə müşahidələr təkcə pişiklərin vaxtını maraqlı keçirməsinə kömək etmir, həm də onların beyin fəaliyyətini aktiv saxlayır və stress səviyyəsini azaltmağa kömək edir.
Mütəxəssislərin qənaətinə görə, pəncərədən küçəni izləmək ev pişiklərinin həm psixoloji, həm də davranış baxımından sağlam qalması üçün faydalı vərdiş hesab olunur.