Azərbaycanın tanınmış rəssamı Tağı Tağıyevin əsərlərinin ekspozisiyası keçirilib.
Azpost.info-nun məlumatına görə, ekspozisiya dekabrın 21-dən başlayaraq “Xalq Bankın” əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) baş tutub. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Ekspozisiyaya giriş sərbəstdir.
Qeyd edək ki, Tağı Əzizağa oğlu Tağıyev 1917-ci il, noyabr ayının 7-də Bakı şəhərində zərgər ailəsində anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra 1940-1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda təhsilini davam etdirib.
Tağı Tağıyev əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir. Azərbaycanda realist boyakarlığın yaradıcılarından olan Tağıyev portret ustası kimi daha məşhurdur. Onun yaradıcılığında tarixi mövzular, tarixi şəxsiyyətlərin təsviri, zəhmətkeş insanların obrazları, əməyin tərənnümü, doğma təbiətin təsviri mühüm yer tutur. Sənətkarın “Koroğlu”, “Poladəridən”, “Qaynaqçı”, “Göygöl”, “Qarlı yollar”, “Xalçasatan”, “Uşaqlıq xatirələri”, “Abşeron silsiləsi”, “El gözəli”, “Qarayanız qız” və bir çox rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s. ölkələrdə nümayiş etdirilmiş və böyük rəğbətlə qarşılanmışdır. Fırça ustasının yaratdığı “Qara Qarayev” və “Səttar Bəhlulzadə” tabloları dünyanın bütün sərgi salonlarında uğurla nümayiş olunub.
Dekabrın 20-də “Xalq Bank”ın əsas binasının 16-cı mərtəbəsində yerləşən bədii qalereyada “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan “Tağı Tağıyev. Rəngkarlıq və qrafika” bədii albomunun təqdimatı və rəssamın əsərlərindən ibarət sərginin açılışı keçirilib. Layihənin sayca 19-cu nəşrinə rəssamın yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edən əsərləri daxil edilib. Tədbirdə ölkəmizin sənət və elm adamları, bank sektorunun nümayəndələri, ictimai xadimlər, rəssamın ailə üzvləri iştirak edirdilər.
Gecənin aparıcısı, Respublikanın Əməkdar artisti Dilarə Səlim “Xalq Bank”ın illərdir həyata keçirdiyi nəcib missiyadan söz açdı. “Xalq Əmanəti” layihəsini xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması işində təqdirəlayiq iş olduğunu vurğulayan aparıcı sözü Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, bu gün 92 yaşını qeyd edən Xalq rəssamı Ömər Eldarova verdi. Hörmətli akademik albom üzərində çalışan insanlara minnətdarlığını bildirdi və gördüklərindən böyük zövq aldığını dilə gətirdi. Onun sözlərinə görə Tağı Tağıyev dahi rəssam və böyük müəllimdir. Sərgilənən rəsmlər onun yaradıcılıq dühasının bir damlasıdır, buna baxmayaraq burada olan hər bir əsər ustadın bütün varlığını açır, onun sonsuz istedadını nümayiş etdirir. “Onun əsərləri mənə illər əvvəl böyük təsir göstərirdi, indi də həmin hissləri yenidən yaşayıram. Sənət zamanla sınanır, zaman isə Tağı Tağıyevin xeyrinə işləyir. Mən bu günkü tədbirlə bağlı hamını təbrik edirəm” – Azərbaycan incəsənətinin canlı korifeyi söylədi.
Albomun mətninin müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Tağı Tağıyevi milli rəngkarlığımızda böyük iz qoymuş sənətkar, yaradıcılığı böyük məktəb olan ustad adlandırdı.
Tağı Tağıyev oğlu, rəssam Əkrəm Tağıyev ailəsi adından banka və layihənin yaradıcı kollektivinə minnətdarlığını bildirdi. “Xalq Əmanəti” layihəsini Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında möhtəşəm iş adlandırdı və atasının bədii albomunun nəşrinə görə sonsuz sevinci ilə bölüşdü.
Tağı Tağıyev bir çox xarici ölkələrdə – Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniyada səfərlərdə olmuş və o ölkələrin adamlarının həyatına dair tablolar çəkmişdir. Avropa və Afrika ölkələrində yaradıcılıq ezamiyyətində olan rəssam, dilindən, dinindən, irqindən asılı olmayaraq insanları, onların ideyalarını bədii boyalarla təsvir edir. Həmin səfərdən sonra yaratdığı “Afrikalı qız”, “Salam, yeni dünya” əsərləri bu gün də böyük maraqla baxılır.
Tağı Tağıyev klassik rəngkarlıq məktəbinin parlaq nümayəndəsi, realistik metodun təməlini qoyan rəssamlardan biridir. Onun yaradıcılığı və milli incəsənətin inkişafında xidmətləri yüksək qiymətləndirilmiş və o, Əməkdar incəsənət xadimi, respublikanın Xalq rəssamı fəxri adlarına layiq görülmüşdü.
Tağı Tağıyevin əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və digər muzeylərdə saxlanılır.