Prezident həbs olunan icra başçılarının aqibətini xatırlatdı:“Onlar özlərini, əcdadlarını biabır ediblər”

“Ödənişli ictimai iş yerlərinin açılması ilə bağlı əvvəlki illərin təcrübəsinə əsaslanaraq, biz ilin əvvəlində 37 min iş yerinin açılmasını nəzərdə tuturduq. Ancaq pandemiyaya görə və işsizliyin qaçılmaz artımını nəzərə alaraq mən göstəriş vermişdim ki, biz ilkin mərhələdə bu rəqəmi 50 minə çatdıraq. Amma indi hesab edirəm ki, biz daha böyük rəqəmə çatmalıyıq və bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır. Bu sahəyə də çox ciddi nəzarət olmalıdır”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı deyib ki, indi mexanizm daha şəffafdır: “Çünki əfsuslar olsun ki, ilkin mərhələdə burada nəzarət sıfır səviyyəsində idi və bir çox hallarda yerli icra orqanları bundan sui-istifadə edərək, aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş vəsaiti də mənimsəyirdilər. Bu, vicdansızlığın zirvəsidir. Məhz buna və digər cinayətlərə görə artıq 3 icra başçısı həbs olunub və onların çirkin əməlləri sənədləşdirilib, ictimaiyyətə təqdim edilib. Onlar özlərini, öz əcdadlarını biabır ediblər, öz yaxınlarına, dövlətə böyük ziyan vurublar. Biz bu vəsaiti ayırırdıq ki, iş tapa bilməyən, yaxud da iş qabiliyyəti yüksək olmayan insanlar heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Nəzərə alsaq ki, biz minimum əməkhaqqını 250 manata qaldırdıq, ancaq onu da mənimsəyib, kartları özündə saxlayıb, kartlardan pul çəkib varlanırdılar. Bu, həm cinayətdir, həm də mənəvi eybəcərlikdir. Buna başqa ad vermək olmaz”.

Dövlət başçısının sözlərinə görə, bütün aidiyyəti orqanlar bundan sonra bu məsələyə çox böyük diqqət verməlidirlər: “Mən vətəndaşlardan da xahiş edirəm, kimin ki, adı bəlkə indi də yazdırılır və əməkhaqqı almır, onlar da bu məlumatı bizə versinlər. Beləliklə, biz 90 min işsizi ictimai işlərlə təmin edəcəyik”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“O sahibkarların dərsini verəcəyik” –

Sonrakı məqalə

“İndiki şəraitdə dövləti aldatmaq xəyanətə bərabər tutulacaq” –