Prezident İlham Əliyev:

“Enerji təminatı hər bir ölkənin təhlükəsizliyi deməkdir”
10 Fevral 2020 - 20:05

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyanın açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

1953-cü ildə istifadəyə verilən və istismar müddəti başa çatan bu yarımstansiyanın avadanlıqları həddən artıq yüklənirdi ki, bu da istənilən zaman sistemdə qəza vəziyyətinin yaranmasına səbəb ola bilərdi. Yarımstansiya Xəzər dənizinə yaxın ərazidə yerləşdiyindən nəm və küləkli hava şəraitində də burada tez-tez qısaqapanmalar olurdu. Ona görə də “Dübəndi” yarımstansiyası sökülərək qapalı şəraitdə yeni texnologiyalar əsasında tam yenidən qurulub.

Burada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı “Dübəndi” yarımstansiyasının işçiləri ilə görüşdü.

Yarımstansiyanın kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:

Yeni yarımstansiyanın açılışı münasibətilə sizi təbrik edirəm. “Dübəndi” yarımstansiyası indi bütün yüksək standartlara cavab verir və böyük ərazini elektrik enerjisi ilə qidalandıracaq. Əvvəlki yarımstansiyanın vəziyyəti çox acınacaqlı idi, demək olar ki, sıradan çıxmışdı. Ona görə yeni yarımstansiyanın tikintisi zəruri idi və bunu da “Azərenerji” yüksək səviyyədə təşkil edib. Beləliklə, Azərbaycan əhalisinin enerji ilə dayanıqlı təminatı işində növbəti önəmli addım atılmışdır.

Onu da bildirməliyəm ki, son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilir. Bunun sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapmışdır. Son illərdə bu sahəyə göstərilən diqqət elə vəziyyət yaradıb ki, Azərbaycan artıq enerji təminatçısına çevrilib. Əvvəlki dövrlərdə biz idxaldan asılı idik. İndi isə öz tələbatımızı tam təmin edib hətta ixrac da edirik.

Hesab edirəm ki, 2020-ci il “Azərenerji” üçün, ümumiyyətlə, Azərbaycan energetikləri üçün uğurla başlayıb. İlin əvvəlində iki böyük şirkət ölkəmizdə 440 meqavat gücündə yeni külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı Azərbaycanla müvafiq sazişlər bağlamışdır. İşlər bu il başlanacaq və beləliklə, bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq. Eyni zamanda, bu gün bu yarımstansiyanın açılışı əlamətdar hadisədir. Bu il Mingəçevir İstilik Elektrik Stansiyasında bərpa işləri davam etdiriləcək. İlin birinci yarısında Mingəçevir İstilik Elektrik Stansiyası tam gücü ilə işləyəcək. Keçən il, ümumiyyətlə, 400 meqavat itirilmiş güclər bərpa olundu, onun böyük hissəsi Mingəçevir İstilik Elektrik Stansiyasının payına düşür. Bu il də Azərbaycanda təqribən 300-400 meqavat itirilmiş elektrik enerjisi bərpa olunacaq.

Eyni zamanda, dövlət xətti ilə bərpa olunan enerji növlərinin yaradılması işi davam etdiriləcək. Bu il də bu sahəyə vəsait ayrılacaqdır. Beləliklə, generasiya gücləri, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, bütün elektrik şəbəkəsi beynəlxalq standartlara tam cavab verəcək. Enerji təminatı hər bir ölkənin təhlükəsizliyi deməkdir, xüsusilə, Azərbaycan kimi sürətlə inkişaf edən ölkələr üçün. Təkcə keçən il qeyri-neft sektorunda 14 faizlik artım olub. Bütün bu işlər, yeni müəssisələr, fabriklər, zavodlar, artan əhali yeni enerji gücləri tələb edir. Biz də bunu yaradırıq. Azərbaycan dövləti bundan sonra da bu sahəyə diqqətini əsirgəməyəcək. Energetiklər isə öz vəzifə borclarını ləyaqətlə icra edərək ölkəmizin ümumi inkişafına bundan sonra da töhfə verəcəklər.

Bir daha sizi təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram.