“Bu gün biz Azərbaycanın uğurları haqqında danışanda, əlbəttə ki, neft-qaz sənayesində əldə olunmuş nailiyyətləri, neftçilərimizin əməyini xüsusi qeyd etməliyik. Neftçilərin qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir. Neftdən əldə olunan gəlirləri ədalətli şəkildə idarə etmək, onları insanlara çatdırmaq, ölkə qarşısında duran əsas vəzifələrə yönəltmək, əlbəttə ki, siyasi rəhbərliyin böyük zəhməti hesabına və düşünülmüş siyasət nəticəsində mümkün olmuşdur”.
Bunu Prezident İlham Əliyev yanvarın 14-də akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan o ölkələrdəndir ki, neft-qaz yataqları ölkəmizə tərəqqi, xoşbəxtlik, inkişaf gətirdi. Neftlə zəngin olan bir çox ölkələrdə, əksinə, neft xeyir yox, ziyan, problemlər gətirir, qanlı toqquşmalar baş verir: “Biz tarixdən yaxşı bilirik ki, neft uğrunda mübarizə əksər hallarda çox böyük çətinliklərə, faciələrə gətirir. Azərbaycan isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış neft strategiyasını uğurla icra edərkən neftdən əldə olunmuş gəlirləri ölkəmizin ümumi inkişafına yönəltdi. Məhz buna görə bu gün adambaşına düşən valyuta ehtiyatlarına görə biz MDB məkanında birinci yerdəyik. Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır. Bu, onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölünür və son illərdə ölkəmizdə yaşanan tərəqqi məhz bu amilə söykənir. İnfrastruktur layihələri icra olunub, 16 min kilometr yol çəkilibdir. Bu gün yol infrastrukturuna görə biz aparıcı ölkələr sırasındayıq. Biz vaxtilə elektrik enerjisindən korluq çəkirdik, onu xaricdən idxal edirdik. Bu gün biz ixrac edirik və bizdə min meqavatdan artıq generasiya gücü var. Buna nəyin hesabına nail olmuşuq? Neft-qaz sektorunda görülən işlər hesabına”.
Azərbaycan Prezidenti qeyd edib ki, vətəndaşların sosial problemlərinin həlli – əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması, sosial infrastrukturun yaradılması birbaşa neft-qaz sahəsində görülən işlərlə bağlıdır: “Yəni, böyük işlər görülübdür, 3300-dən çox məktəb, 700-dən çox tibb ocağı tikilibdir. Bütün bu işlərin əsas mənbəyi neftdən əldə edilmiş gəlirlər və bu gəlirlərdən düzgün istifadə olunmasıdır.
Ona görə Azərbaycan xalqı qarşısında sizin çox böyük xidmətləriniz vardır. Çünki sizin biliyiniz, təcrübəniz, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi dövründə xarici tərəfdaşlarla apardığınız işlər bugünkü Azərbaycanın uğurlu inkişafını təmin edir”.