Prezident İlham Əliyev Şamaxıda –

"ASAN-Həyat"ın, yeni yolun açılışını etdi, çay süfrəsində oturdu (FOTO)
05 Dekabr 2019 - 19:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfərə gəlib.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Dövlət başçısı müvafiq tapşırıqlarını verib.

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə vətəndaşların rahatlığı, eləcə də gənclər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.

Dövlətimizin başçısına Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci kilometrliyindən ayrılan Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolu barədə də məlumat verilib.

Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

**

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb. Dövlətimizin başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edib.

Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.