Prezident İlham Əliyev:“Azərbaycan-Rusiya dostluq münasibətləri bütün istiqamətlər üzrə uğurla inkişaf edir”

“Bu gün strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətləri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Prezident Vladimir Vladimiroviç Putin ilə mənim çoxsaylı şəxsi görüşlərim ikitərəfli qarşılıqlı əlaqələrin inkişafına çox ciddi təkan verir, həmçinin bizim regionda vəziyyətə də müsbət təsir göstərir.

Biz fəaliyyətimizin demək olar ki, bütün sahələrini – ticarət, nəqliyyat, energetika, humanitar sahə və turizmi əhatə edən beş yol xəritəsi çərçivəsində proqramı fəal reallaşdırırıq. Ötən ilin sonunda bu yol xəritələrinə daha ikisi – innovasiyalar və gənclər siyasəti üzrə yol xəritələri əlavə edilib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalının may buraxılışına müsahibəsində deyib.

Dövlət başçısı keçən il Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə “Valday” Diskussiya Klubunun iclasında iştirak etdiyini bildirib: “Hər il bütün dünyada siyasətçilərin, politoloqların, ekspertlərin və analitiklərin diqqətini cəlb edən bu tədbirə dəvət almış dörd dövlət başçısından biri mən idim. “Valday” Klubu dünya gündəliyindəki mühüm problemlərin müzakirəsi üçün ən vacib diskussiya platformalarından biri kimi özünü göstərib.

Rusiya ilə bizim münasibətlərimiz zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən belədir. Biz həm qonşuyuq, həm də mehriban dostlar. Son dövrdə bizim münasibətlərimiz daha səmərəli və keyfiyyətli olub.

Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, ən mühüm və ümdə məsələlərdə ənənəvi olaraq bir-birimizi dəstəkləyirik. Biz BMT, ATƏT və əlbəttə MDB məkanında sıx qarşılıqlı fəaliyyətdəyik.

Bizim çox sıx iqtisadi, ticari münasibətlərimiz var. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Həcmi milyard dollarlarla ölçülən qarşılıqlı investisiyalar həyata keçirilir”.

Azərbaycan Prezidenti qeyd edib ki, ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi təqribən 20 faiz artıb və 3 milyard dollardan çox olub: “Burada bir məqamı qeyd etmək çox vacibdir ki, koronavirus pandemiyası ilə əlaqədar vəziyyətə baxmayaraq, cari ilin birinci rübündə ölkələrimiz arasında əmtəə dövriyyəsi 2 faiz artıb, ixrac-idxal əməliyyatlarının həcmi də artıb. Bu da çox vacibdir ki, Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyətini davam etdirir, o cümlədən bu dəhliz çərçivəsində yükdaşımalar və tranzit daşımaları həyata keçirilir. Azərbaycan ərazisindən keçməklə Rusiyadan Avropa istiqamətində Şimal-Qərb dəhlizi də işə salınıb. Ötən ilin sonunda Azərbaycanla Rusiyanın sərhədində Samur çayı üzərindən körpünün açılışı təkcə bu iki ölkə üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edən hadisə olub. Ona görə ki, bu körpü beynəlxalq yükdaşımaların intensivləşdirilməsi, biznes əlaqələrinin genişlənməsi, habelə Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizlərinin inkişafı üçün yeni imkanlar yaradır. Keçən il Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi 60 faiz artıb. Azərbaycan regionda əməkdaşlıq üçün yaxşı perspektivlər açan, Asiyadan Avropaya və əks istiqamətdə yüklərin daşınması məsafəsini və çatdırılması müddətlərini xeyli azaldacaq bu mühüm nəqliyyat layihəsinin reallaşdırılması ilə əlaqədar öz ərazisində bütün işi başa çatdırıb. Hesab edirəm ki, regionda mühüm nəqliyyat arteriyası kimi Şimal-Cənub dəhlizinə ehtiyac daha da artacaq .

Hərbi-texniki əməkdaşlıq fəal inkişaf edir. Rusiya və Azərbaycan prezidentlərinin birgə mətbuat konfranslarının birində deyildiyi kimi, Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların həcmi 5 milyard dollara bərabərdir.

Humanitar sahədə əlaqələrimiz də uğurla inkişaf edir. Artıq neçə ildir ki, Azərbaycanda Moskva Dövlət Universitetinin filialı, həmçinin Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir. Azərbaycanın dövlətə məxsus bütün ali məktəblərində rus dilində bölmələr mövcuddur. Ölkəmizdə 25 min tələbə rus dilində oxuyur. Təhsilin rus dilində olduğu 338 məktəbdə 130 min şagird də rus dilində təhsil alır.

Bizim münasibətlərimizin bir göstəricisi həm ölkələr, həm də xalqlar arasında münasibətlərin ruhuna və xarakterinə ən parlaq sübutdur. 2019-cu ildə Azərbaycana Rusiyadan rekord sayda – bir milyona yaxın turist səfər edib. Bu ilin əvvəlində də yaxşı dinamika müşahidə olunurdu, lakin koronavirus pandemiyası turist axınını dayandırdı. Ümidvarıq ki, pandemiya başa çatandan və sərhədlər açılandan sonra rusiyalı turistlərin ölkəmizə səfərləri bərpa olunacaq. Ona görə ki, rusiyalılar burada özlərini rahat, adi şəraitdə olduğu kimi hiss edir, dil baryeri ilə bağlı çətinliklərlə üzləşmirlər.

Bu da sirr deyil ki, turistlər təkcə görməli yerlərə baxmaq və milli mətbəx nümunələrini dadmaq üçün getmirlər, onlar elə yerlərə gedirlər ki, orada özlərini təhlükəsiz, rahat, öz evlərində olduğu kimi hiss etsinlər.

Keçən il noyabrın 23-də Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində əsaslı bərpa işlərindən sonra “Azərbaycan” pavilyonunun açılışı oldu. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun bərpadan sonra açılışı ölkələrimiz arasında münasibətlərin dostluq xarakterinin daha bir təzahürü oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MM Sədri:

Sonrakı məqalə

Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi