Prezident İlham Əliyev BƏƏ-nin investisiya nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydini qəbul edib.

Dövlət başçısı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-in Dubayda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Məhəmməd Həssən Əl Suveydi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş edib.

Dövlət başçısı bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinə səfərini və səfər çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırlayıb.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli dostluq münasibətlərinin bir çox sahədə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif səviyyələrdə təmasların əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət etdiyi qeyd olunub.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar beynəlxalq aləmdə ölkəmizə göstərilən böyük etimadın və hörmətin nümunəsi kimi dəyərləndirilib.

Söhbət zamanı bu gün imzalanacaq sənədlərin önəmi qeyd edilərək bunun iqtisadi sahədə əməkdaşlığın və ümumilikdə əlaqələrimizin uğurlu inkişafının yaxşı göstəricisi olduğu bildirilib.

Sonra sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan İnvestisiya Holdinqi və Abu Dabi İnkişaf Holdinq Şirkəti arasında Birgə sərmayə çərçivə razılaşması imzalanıb.

Razılaşmanı Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzalayıblar.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında data mərkəzləri layihələrində investisiya əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzalayıblar.

Əvvəlki məqalə

Sosial şəbəkələrdə pirotexniki vasitələr satan iki nəfər saxlanılıb

Sonrakı məqalə

“Qərb yardımı dayandırsa, Putin bütün Ukraynanı ələ keçirəcək”