“Prezident Münxendə Ayaz Mütəllibovu xilas etdi” –

Zahid Oruc
24 Aprel 2020 - 12:30

Milli Məclisin plenar iclasında çıxış edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bir sıra vacib məsələlərə münasibət bildirib.

Deputat əvvəlcə Azərbaycanda yeni siyasi mühit, yeni mərhələ və siyasi həmrəylikdən bəhs etdi: “Pandemiyaya qarşı mübarizədə xalqımızın vahidliyini və birliyini xüsusi olaraq qeyd etdiyimiz halda biz eləcə də ideologiyası və hakimiyyətə münasibətindən asılı olmayaraq, son 20-ildə ilk dəfə iqtidar, müxalifət və müxtəlif partiyalar arasında formalaşan anlaşma, dialoq və gələcəyə birgə baxış ətrafında böyük dəyişiklikləri görürük. Onları cəmiyyətimiz üçün də xatırlatmaq çox vacibdir”.

Komitə sədri bunun ilk növbədə, prezident tərəfindən Administrasiyada partiyalarla iş üzrə xüsusi şöbənin yaradılmasında özünü göstərdiyini bildirib: “Daha sonra 2019-cu ilin martın 16-da daxildə və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən əfv sərəncamı verildi. Elə həmin ayda cənab Prezident humanist xəttini davam etdirərək Elçibəy ailəsinə qayğıkeşliyini nümayiş etdirdi. Bu işdə hörmətli Mehriban xanımın fəaliyyəti əvəzsizdir. Daha sonra biz iqtidara münasibəti nəzərə alınmadan bütün partiyalarla başlanan dialoqun şahidi olduq.Siyasi radikalizim və qarşılıqlı inkarçılığın aradan götürülüməsində bunun böyük faydası vardır. Prezident Münxen sammitində Paşinyan qarşısında Mütəllibovu xilas etdi və daha sonra “Ana harayı” abidəsi qarşısında protokolda Mütəllibova yer verərək öz müdrikliyini, böyüklüyünü bir daha dünyaya göstərdi. Milli Məclisin rəhbər strkuturlarının formalaşmasında geniş siyasi spektrə yer verilməsi, partiyalara dövlət idarəçiliyində müəyyən yerlər ayrılması da hesab edirik ki, ölkə rəhbəri tərəfindən bəyan olunan yeni siyasi arxitekturanın konturları hesab oluna bilər. Azərbacanda bütün partiyalar dövlətin çağırışına uygun olaraq pandemiya ilə mübrizədə vahid mövqedən çıxış etdilər. İstər Mübarizə fonduna göstərilən dəstək, istərsə də imzalanan həmrəylik bəyanatı bunu sübut edir. Bu cərgədən kənarda dayanan kiçik bir qrupun iddiasınn əksinə olaraq, hakimiyyət yüz minlərlə vətəndaşa yardım edərkən insanların partiya mənsubiyyətinə baxmayıb”.

Z.Oruc qeyd etdi ki, inzibati xətalara görə tənbeh tədbirləri zamanı da siyasət deyil, hüquq əsas götürülüb: “Dünən ReAL Partiyasının rəhbərliyi ilə bağlı çıxarılan qərarlar sübut edir ki, Azərbaycan dövləti ölkəmiz əleyhinə köklənən beynəlxalq təşkilatlara imkan verməmək, daxili qüvvələri onların əllərindən almaqda israrlıdır. Bu, cənab İlham Əliyevin Milli Məclisin tribunasından səsləndirdiyi “gəlin problemləri ölkəmizdə çözək, onu kənara daşımayaq” bəyanatına dövlət tərəfindən göstərilən prinsipial münasibətdir. Bütün bunlar götərir ki, dövlət partiyaların inkişafını istəyir və Azərbaycanda hökm sürən əvvəlki şəraiti dəyişdirməkdə israrlıdır. Siyasətdə nifrət və qeyri-etik mübarizənin aradan qaldırılması üçün bunlar çox vacibdir. Biz bütün partiyaları yeni şəraiti dərindən dəyərləndirməyə, siyasi mübarizədə qanunlara və Etik Kodeksə əməl etməyə, yeni mərhələni irəli aparmağa, eləcə də hesabatlar hazırlayan insan haqları üzrə beynəlxalq təşkilatları Azərbaycanda həyata keçirilən böyük siyasi dəyişkilikləri obyektiv qiymətləndirməyə çağırırıq”.