“Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub”.
Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev ABŞ Dövlət katibi Blinkenlə Qarabağdakı antiterror əməliyyatını müzakirə edərkən bildirib.
Prezident Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil olmaqla, bu hərəkətlərin Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti bildirib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.