“Prezidentin mesajları açıq və qapalı informasiyalara dayanır” –

Zahid Oruc
18 Oktyabr 2019 - 12:15

 Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc  Prezident İlham Əliyevin son iqtisadi müşavirədəki çıxışını şərh edib.

Dövlət başçısının mühüm məsələlərlə bağlı fikirlərinə münasibət bildirən Zahir Oruc  Modern.az-a açıqlamasında bildirib ki, bu, prezidentin Soçidəki Valday klubunda etdiyi çıxışın davamıdır:


“Daxili Valday müşavirəsi”…

“Prezidentin Valday  klubunda  verdiyi mesajlar beynəlxalq məkana yönəlmiş,  Azərbaycanın ən müxtəlif məsələlərə  sərt yanaşma təqdim etdiyini ortaya qoymuşdu. Bu konteksdən yanaşaraq, 15 oktyabr müşavirəsini “daxili  Valday  müşavirəsi” adlandıra bilərik. O mənada ki, bu müşavirədə siyasi yüklü açıqlamalar da oldu.  Bir sıra məsələlər bağlı qapı arxasında,  qapalı dairədə müzakirəyə çıxarıla bilərdi. Onda ictimaiyyət də məlumat  tutmazdı. Ancaq dövlət  başçısı ölkə əhəmiyyətli məsələlərin hesabatını cəmiyyətə təqdim etdi. Kadrlara, komandaya,  hökumətə, ümumilikdə  bütün məmur sisteminə müvafiq tapşırıqlar yönəltdi və ölkəni hansı hədəflərə, hansı ideallara daşıdığını da növbəti dəfə ortaya qoydu”.


“İslahatlar geri dönməzdir”

Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri olaraq ölkə başçısının son çıxışını 2019-cu ilin 12 yanvarından başlayan böyük hərəkatın yeni kurs siyasətinin tərkib hissəsi hesab edir:

“Bu islahatlar əvvəlki illərdə müxtəlif sahələr üzrə  gerçəkləşdirilən tədbirlərin davamı da olsa, özünün əhatəliliyinə, dərinliyinə,  struktur xarakter daşımasına görə xeyli dərəcədə yenidir. Hesab edirəm ki, bu müşavirədən çıxan birinci nəticə islahatların alternativsiz olduğunu deməsidir.  Həmçinin, “Prezidentin bu məsələ üzərində ali iradəsi var, o yenilməzdir. İslahatlar geri dönməzdir” nəticəsinə gətirib çıxarır”.


“Müşavirədə Mehriban xanımın iştirakı məntiqli idi”

Mərkəz sədrinin sözlərinə görə, idarəçilikdəki yeni elementlər müşavirənin bu tərkibində də özünü göstərdi:

“Konkret olaraq iqtisadi-sosial məsələlərə üstünlük  verilirdisə,  bu zaman məsul nazirliklərin rəhbərlərinin dəvət edilməsi önəmlidir. Digər tərəfdən, hər kəs ötən illər ərzində şahiddir ki,  Mehriban xanım Əliyeva Birinci vitse-prezident olmazdan əvvəl də ölkənin humanitar, mədəni və beynəlxalq əlaqələrinin qurulmasında böyük missiya daşıyıb. Həm məcburi köçkünlərin  problemlərinə, həm də   devalvasiyadan sonra yaranmış sosial çətinliklərə məhz Mehriban xanım zaman ayırır, aylar ərzində o problemlərin çözülməsi üçün ortaya iradə qoyur və nəticələr də əldə olunurdu. Bu müşavirədə Mehriban xanımın da iştirak məntiqli idi. Ən önəmlisi prezidentin suallar üslubunda hökumət üzvlərindən müxtəlif məsələlərin gedişini soruşması,  hesabatlar aparması idi. Əminəm ki, bu,  gələcəkdə özünü daha da qabarıq göstərəcək”.

“Prezidentin komandası vahiddir”

Zahid Oruc qeyd edib ki, digər  mühüm məsələ  dövlət başçısının bəzi maqamları  dilə gətirməsi ilə bağlı idi:

“Azərbaycan liderinin idarəçilikdə atılan addımlara bütün komanda üzvlərinin cani dildən yanaşması, vahid  komandanlıq prinsipinin  bərqərar olması, hər hansı sabotaj elementlərinin, təxribatın yolverilməzliyini dilə gətirməsi çox vacib məsələdir. Ölkə rəhbəri vurğuladı ki, Azərbaycan insanı, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu islahatların yanındadır. İslahatlar keyfiyyət dəyişikliyi deməkdir. Əgər kimsə hansısa nazirliyin tərkibində yer alan adamlara, digər struktura qarşı fəaliyyət aparırsa,  bu yolverilməzdir. Ona görə də cənab prezident bu məsələyə sərt reaksiya verdi. Burada məsələ şəxslər üzərinə köklənirsə, prezidentin böyük mənada  nəzərdə tutduğu ideyanı görməzdən keçmək qüsur olar. Mənim aləmimdə cənab prezident  yeni kadrlara önəm verərkən vətənpərvərlik, intellektuallıq, təşəbbüskarlıq məsələlərini qabartdı. Prezidentin komandası vahiddir. Parçalanmadan, qruplaşmalardan söhbət gedə bilməz.

Mənə elə gəlir ki, prezident çox hədəfli mesajlar verib. Bunlar onun masası üzərində olan açıq və qapalı  informasiyalara dayanır. Ən konfliktli bilgilər ölkənin birinci şəxsindədir. Həmçinin, cənab prezident bu məsələlərdə cəmiyyətin yaxından iştirakını da istəmiş oldu”.