Putin 20 il əvvəl “Qarabağ şikəstəsi”ni heyrətlə dinləyir –Kremlin sahibi muğam oxuyan uşağı niyə axtarıb? /VİDEO

Vladimir Putin Rusiya prezidenti olduqdan sonra 2000-ci illərdə Rusiya –Azərbaycan əlaqələri fərqli müstəviyə keçdi.

Moskva Yeltsin Rusiyasından fərqli olaraq Qafqaz siyasətində Bakı ilə qarşıdurmadan əməkdaşlıq müstəvisinə üstünlük verməyə başladı.

Bu baxımdan mədəni əməkdaşlıq tədbirləri hər iki ölkənin gündəliyində yeni münasibətlərin aparıcı xəttini təşkil etməyə başladı.

Azpost.info bildirir ki, internetdə Rusiya prezidenti Putinin “Qarabağ şikəstəsi”ni dinlədiyi videogörüntülər maraqla qarşılanıb. Prezident İlham Əliyevlə bir yerdə konsert salonunda oturan Putin muğam triosunun və xanəndələrin ifasında bu muğamı dinləyir.

Görüntülər 2004-cü ildə çəkilib.

Həmin il oktyabrın 19-da Moskvada, İttifaqlar Evinin sütunlu salonunda Ümumrusiya Azərbaycan Konqresinin II qurultayı keçirilib. Qurultayda Prezident  İlham Əliyev və Rusiya Prezident Vladimir Putin də iştirak edib.

Həmin qurultayda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanan konsert proqramında Mehriban Əliyevanın təşəbbüsü ilə muğam ifaçıları da çıxış edib.

Kadrlarda Putinin onları diqqətlə dinlədiyi hiss olunur.

 

Azyaşlı muğam ifaçısı Murad Laçınlının muğam üstə oxuduğu “Yayda Qarabağın seyrinə çıxsan, Sən Şuşada qonaq qalmasan olmur” sözləri zalda gurultulu alqışlarla qarşılanır.

İllər sonra -2021-ci ildə “525-ci qəzet”ə müsahibəsində Murad Laçınlı həmin konserti xatırayaraq həmin günü ömrü boyu unutmayacağını vurğulamışdı.

“O vaxt uşaq olduğuma görə necə böyük məsuliyyətin altına girdiyimi, şübhəsiz ki, lazımınca anlamırdım. Bircə istəyim var idi – istəyirdim ki, öz ifamı qüsursuz, səhvə yol vermədən ifamı yekunlaşdırım.  Yadımdadır ki, konsertdən sonra dedilər ki, Putin məni axtarıb”- deyə Murad demişdi.

2004-cü ildə bu kadrlar çəkiləndə Qarabağ, Şuşa işğal altında idi. “Qarabağ şikəstəsi” isə bizi vətən uğrunda mübarizəyə, əsir olan yurdu unutmamağa çağırırdı.

2020-ci ildə Vətən Müharibəsində şanlı Zəfərimiz “Qarabağ şikəstəsi”ni qələbə marşına çevirdi.

2021-ci ilin mayında bu şikəstə Cıdır düzündən bütün Qarabağa yayılırdı.

Putin yəqin ki,  20 il əvvəl arıq və çəlimsiz uşaqların hayqıran və yanıqlı səsi ilə zalda oxuduğu bu muğamı dinləyərkən onun necə sehirli güc mənbəyi olduğunu anlamışdı.

Azpost.info

Əvvəlki məqalə

FHN qızıl zavodundakı yanğınla bağlı məlumat yayıb

Sonrakı məqalə

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb