Putin İlham Əliyevlə Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib

19 May 2021 - 20:15

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub, liderlər Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Danışıqlar Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarına uyğun olaraq bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün praktik tapşırıqların həllinə vurğu ilə davam edib. Bu çərçivədə Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisəyə diqqət yetirilib. Rusiya tərəfi dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinin başlanması barədə Azərbaycan və Ermənistan arasında razılığın əldə edilməsinə yönəlmiş səylərə vasitəçilik və məsləhət yardımı göstərməyə davam edəcək”, – deyə məlumatda qeyd olunub.

Vladimir Putin və İlham Əliyev ikitərəfli gündəlikdə duran əsas məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Azərbaycan lideri Rusiya vaksinlərinin Azərbaycana göndərilməsinə görə səmimi minnətdarlığını bildirib.

Qeyd edilir ki, liderlər bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraq ifadə ediblər. “Hökumətlər, müvafiq nazirliklər və idarələr xətti ilə intensiv əlaqələr buna yönəldiləcək”, – deyə Kremlin məlumatında vurğulanıb.